"Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının XX turu çərçivəsində doğma meydanda "Kəpəz"i 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk olaraq görüş haqda fikirlərini bölüşüb. 

- Sürətli, qarşılıqlı hücumlar şəraitində keçən oyin oldu. Hər iki komanda qələbəyə yaxın idi. Kim qalib gəlsəydi, bu, təsadüf olmayacaqdı. Biz şansımızdan istifadə edə bildik. İlk hissədə çox qol vəziyyətlərimiz oldu. İkinci hissədə "Kəpəz"in təzyiqi çoxaldı. Taktiki cəhətdən kompakt şəkildə oynamağa çalışdıq. Rəqibi əks-hücumlarda tutmaq istəyirdik. Buna da nail olduq. Komandanın üzərində böyük psixoloji təzyiq var. Bizə bir qələbə lazım idi. Futbolçularıma təşəkkür edirəm ki. Komanda oyundan-oyuna artıracaq. Türkiyədə daha çox funksional hazırlığın üzərində işlədik. Bundan sonra taktikanın üzərində çox çalışacağıq. Bu futbolçuların potensialı böyükdür. Mənə sual verirlər ki, niyə legionerlər dəvət etmədiz. Çox çətin dönəmdir. Qışda yaxşı futbolçu tapmaq, onun uyğunlaşması çətindir. Ümid edirəm ki, bu oyunçular mənim etibarımı doğruldacaqlar. Bu gün yaxşı komandaya qalib gələ bildik.

- "Səbail"in ciddi uğurlar qazanacağına inanırsız?

- İnanıram. Bəlkə də yeganə məşqçiyəm ki, hər yerdən istefa verib getmişəm. Görsəm ki, xeyir verə bilmirəm, o zaman gedirəm. Məşqçilik çox çətin işdir. Ciddi uğur dedikdə, bizim iki yolumuz var. Axırıncı yerdən qurtulmaq və kubokda irəli getmək. Bu komandaya, futbolçulara inanıram. İtkilərimiz də var. Ağabala Ramazanovun, Turan Manafovun, Ruslan Hacıyevin  olmaması çətinlik yaradır. 

- Öz oyun üslubunuzda Rafael Beniteslə uyğunluq görürsüz?

- Onunla bir yerdə adımın çəkilməyi mənim üçün utancdır. Onlar böyük mütəxəssislərdir. Bizim bu gün Qvardiolanın, Mourinyonun nəyisə düz etmədiyini deməyimiz ayıbdır. Mənim öz fəlsəfəm var. Oyunum müdafiədən hücuma keçidlər üzərində qurulub. Hücumları daha çox cinahdan yaratmağa çalışıram. Bu gün də bunlar alınırdı. 

- Rahid Əmirquliyevi nə vaxt meydanda görəcəyik?

- 25 futbolçumuz var. Hər biri oynaya bilər. Heç kim deyə bilməzdi ki, bu gün Ədilxan oynayacaq. Matçın gedişindən asılıdır. Rahid də hər zaman hazırdır. Mənə lazımlı futbolçudur. Onun bizimlə olması komanda üçün üstünlükdür. Mütləq oynayacaq.

- "Kəpəz"də çalışmısız bir vaxtlar. İlk qələbəni bu komanda üzərində qazanmaq necə hissdir?

- Məndə heç vaxt prinsip məsələsi olmayıb. Çalışmışam həyatda dürüst olum. "Kəpəz" mənim məşqçilik həyatımda böyük rol oynayır. Bu yaxınlarda ora getmək ehtimalım da oldu. Xeyir verə bilməyəcəyimi düşündüyüm üçün getmədim. Rəqibin kim olması mənim üçün prinsipial xarakter daşımır. 

- Kizitonun durumu necədir?

- Menecerimizdən məlumat aldım, durumu normaldır. MRT olunacaq. Yəqin ki, növbəti matçda oynayacaq.