"Bazel"lə o vaxtkı oyunlarımızı çox yaxşı xatırlayıram. Sizə deyim ki, evdə keçirdiyimiz ilk matça yaxşı başladıq, hətta hesabda 1:0 irəlidə idik. Ancaq görüşün sonuna az qalmış qısa zamanda 3 qol buraxaraq uduzduq. Bunda isveçrəlilərin uğurlu əvəzləmələrinin böyük rolu oynadı. "Liverpul"da çıxışıyla tanınan alban əsilli Şakiri meydana çıxanlardan biri idi. Bundan əlavə, Fray, Ştreller kimi tanınmış hücumçular həmin vaxt "Bazel"də çıxış edirdi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Bakı"nın moldovalı sabiq legioneri Vadim Borets bildirib.
Məlumdu ki, "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsində ilk matçı bu həftəiçi - sentyabrın 16-da Bakıda "Bazel"lə olacaq. Həmin "Bazel" ki, Azərbaycan klublarıyla indiyədək cəmi bir dəfə yolu kəsişib və bu, 12 il əvvəl Avropa Liqasının pley-off mərhələsində olub. Onda İsveçrə təmsilçisi Boretsin də çıxış etdiyi "Bakı"nı Tofiq Bəhramov adına Respublika stadionunda 3:1, öz meydanında 5:1 hesabıyla məğlub edərək qrupa çıxıb.
Vadimin fikrincə, həmin vaxt güclü komandaya rəqib olsalar da, evdə yaxşı oynaya biliblər: "Prinsipcə, Bakıda minimum uduzmamalı idik - belə düşünürəm. Hər halda, sona 15 dəqiqə qalmışadək "Bazel"ə qalib gəlirdik. Ancaq bir az "boşaldıq", lazım olmadığı kimi oynadıq. Buna görə tez qollar buraxdıq. Onu demək istəyirəm ki, İsveçrədəki matçda komandamızda dəyişikliklər oldu, belə bir çətin dövr idi. Bu, komandanın daxilində vəziyyət idi və xeyrimizə olmadı. Bunun futbola heç bir aidiyyatı yox idi, kollektiv daxilində hansısa dəyişikliklər oldu. Bu da səfər matçında mənfi təsiri göstərdi. "Qarabağ" isə hər şey tam başqa cürdü. Yaxşı baş məşqçisi var, uzun müddətdi komandayla işləyir, futbolçuların çoxu çoxdan bir yerdə oynayır. Qurban Qurbanov komandanı yaxşı tanıyır, futbolçularının imkanlarını yaxşı bilir. Fikrimcə, "Qarabağ"ın çox yaxşı şansı var uğurlu nəticəyə - qələbəyə. Xüsusilə evdə, səfərdə isə heç-heçəyə oynamaq mümkündü".
Təbii ki, "Bazel"dən 2009-cu ildəki heyətdən heç kim qalmayıb. Ancaq komandanın bir oyun dəst-xətti var ki, artıq məşqçilik fəaliyyəti ilə məşğul olan 45 yaşlı həmsöbhətimiz bu haqda söz açıb: "İsveçrə Almaniya ilə sərhəddi. Bunlar bir-birinə yaxın ölkələrdi. Təsadüfi deyil ki, İsveçrədə çoxlu alman məşqçi işləyir. Buna görə onların futbolunun oyun üsubu daha çox Almaniyanı xatırladır. Hərçənd, hər məşqçi gəldiyi komandaya öz dəst-xəttini, futbol fəlsəfəsini gətirir. Misal üçün braziliyalı, portuqaliyalı, ispaniyalı mütəxəssis gələndə komandası daha çox texnikalı oyun nümayiş etdirir. İstənilən halda, İsveçrənin futbol ənənəsi, dəst-xətti alman futboludu, daha çox bu cür özünü əks etdirir. Buna görə İsveçrə komandalarında əsasən güc futbolu olur, oyun nizam-intizamı yüksəkdi, sonadək oynayırlar, texnikalı futbolçuları da var. Ümid edirəm ki, "Qarabağ" yaxşı çıxış edəcək, qalib gələcək, uğurlu start götürəcək - bunu arzu edirəm. Turnir heç də asan deyil, çətin mübarizə olacaq. Buna görə "Qarabağ"la uğurlar diləyərək Azərbaycan üçün xallar qazanmasını, reytinqdə yüksəlməsini istəyirəm. Qurban Qurbanova hörmətim böyükdü, rəhbərliyi aıtında oynamışam "Neftçi"də, köməkçilərindən Elçin Rəhmanov və Zaur Tağızadəylə də orda bir yerdə çıxış etmişəm. Hamısına müvəffəqiyyətlər arzulayıram".
Borets Azərbaycanın hələ ki nail ola bilmədiyi tarixi nailiyyətin nəhayət, bu dəfə gerçəkləşməsi perspektivinə də toxunub: "Fikrimcə, Azərbaycan da avrokuboklarda təmsilçisinin yaz mərhələsinə vəsiqə qazanmasını gözləyir. Bu, çox yaxşı göstəricidi və "Qarabağ" da, Qurban Qurbanov da buna nail olacaqlarını gözləyirlər. Əlbəttə, bir baş məşqçi olaraq bu nəticəni da qazanmağı çox istəyir. Hazırkı qrup da elədi ki, şansları yüksək qiymətləndirilir. Çoxları deyir ki, "Qarabağ" bu qrupda minimum 2-ci yeri özünə təmin edib. Bəli, ilk baxışdan rəqiblər arasında nəhənglər yoxdu, ancaq digər tərəfdən, işin çətindi. Çünki bütün komandalar təxminən eyni səviyyədədi. "Kayrat" da güclənib, yeni baş məşqçi, tanınmış, təcrübəli mütəxəssis Kurban Berdıyev gəlib. O da uğurlu işləyə bilir, avrokuboklar təcrübəsi böyükdü, "Rubin"lə "Barselona"nı məğlub edib. İstənilən halda, belə bur qrupda şans var və həy şey son turlarda həll olunacaq. Yəni, hər bir komandanın şansının olduğunu, pley-off uğrunda mübarizənin sonadək gedəcəyini gözləyirəm. İstərdik ki, "Qarabağ" növbəti mərhələyə də adlasın. Əlbətə, bu, realdı".
Moldovalı veteran futbolçu Qurban Qurbanovun komandasını qrupdakı rəqibləriylə belə müqayisə edib: "Qarabağ"ın həmin "Kayrat" üzərində müəyyən üstünlüyü var. Çünki Berdıyev yeni gəlib, hələ komandanın oyununu yoluna qoyur, hələ bu, tam "oturmayıb". Baxıram, çempionatda son oyunlarında uduzublar. Bəli, İsveçrə yığması güclüdü, ancaq bu, ayrı kateqoriyadı. Hər halda, "Bazel" klubu İsveçrə millisi deyil. Buna görə onlarla da yaxşı oynayıb qalib gəlmək olar. Əsas odur ki, tam konsentrasiya, yüz gücünü qoymaq olsun. "Omoniya" da asan rəqib deyil. Kipr klubunda keyfiyyətli futbolçular, yaxşı legionerlər - braziliyalılar, afrikalılar var. Turnir də məhz onunla maraqlıdı ki. gərgin mübarizə gözlənilir. Ümid edirəm, inanıram ki, "Qarabağ" qrupdan çıxacaq. Bunun reallaşmasını çox istəyirəm. Prinsipcə, "Qarabağ"dakıların özləri də elə. Yəni, hamı - rəhbərlik, azarkeşlər bunun intizarındadı. Qrup da imkan verir ki, bu uğura real bel bağlayasan".
Xatırladaq ki, Borets ölkəmizdə 7 illik karyerasımda "Neftçi"də və "Bakı"da çıxış edərək titulları - Azərbaycan çempionluğu və Kubokunu ikincilərlə qazanıb.
MEHMAN SÜLEYMANOV