"Qəbələ" ardıcıl 2-ci mövsüm Elmar Baxşıyevin baş məşqçiliyi altında Konfrans Liqasına vəsiqə qazandı. Amma bu dəfə mövsümü titulla - ölkə Kubokunun qalibi olmaqla başa vurmaq mümkün oldu. Baxşıyev "Neftçi"yə "Bakcell Arena"da qalib gəldikləri final görüşündən sonra Sport24.az-a müsahibəsinə təəssüratlarını bildirməklə başlayıb. 

- Sevindiricidi. Desəm ki, sevinmirəm, yox, düzgün olmaz. Daha çox komandama görə sevinirəm. Doğrudan da ilk gündən, yığışandan, məşq prosesində bunu görürdük ki, komanda kimi birdi. İddialı olaraq mövsüm ərzində də bunu göstərirdi. Düşünürəm ki, komandam layiqli mübarizə aparıb layiqli qələbə qazandı.

- Bir çox adam bu fikirdə idi ki, oyun "Bakcell Arena"da keçirildiyindən, "Neftçi"yə üstülük qazandıracaq. Yetirmələriizi kökləmək çətin olmadı ki? Hər halda, səfər meydanıdı...

- Vallah, bu atmosferdə oynamaq hər bir futbolçu üçün zövqdü. Fikrimcə, məkandan asılı olmayaraq, futbolçu daha çox atmosferə oynamalıdı. Bizim futbolçular buna hazır idi.

- Zəfər yolunda "Qarabağ" kimi komandanı da keçdiniz. Maraqlıdı, buna nail olmaq çətin idi, yoxsa finalı udmaq?

- İnandırım ki, yarımfinalda "Səbail"ə qarşı hər iki görüşümüz də çox çətin alındı. Fərqləndirməzdim, sadəcə, komandam hər mərhələdə öz iddiasından əl çəkmədi və öz istəyinə çatdı. 

- Bilirik ki, "Qəbələ"nin büdcəsi elə zəngin deyil. Amma eyni zamanda "Qəbələ"nin futbolu yetərincə şirin olur həmişə. Amma hər halda, Avropa başqadı da. Nə edəcək "Qəbələ"? Yenə salam verərək qayıdacaq?

- Əlbəttə ki, bu komandanı daha da güclü eləmək lazımdı. Bu işdə rəhbərliyin də üzərinə böyük yük düşür. Bu komandanın daha da iddialı olmağını istəyiriksə, əlbəttə ki, bir az artıq büdcəyə ehtiyacımız var. 

- Legionerlərinizdən İsnik Alimi, Ruan Renato, Rafael Utziq gedirlər. Bunlar məlumdu. Kiminlə?

- Məni də yazırsınız ki, mən də gedirəm. 

- Bizə deyiləni yazırıq...

- Ümumi götürəndə, hamısının müqavilələri qurtarıb. Amma ilk öncə bizimlə danışıb, sonra qərar verəcəklər. 

- Yəni, nə olmalıdı ki, "Qəbələ" Avropada Azərbaycan fanatlarını sevindirsin?

- "Qəbələ"yə yaxşı bir sponsor lazımdı ki, komanda daha da inkişaf eləsin. 

 

 

CEYHUN ƏLİYEV