Premyer Liqa təmsilçilərimizdən Antalyaya təlim-məşq toplanışına son yollanan "Qəbələ oldu. Belə ki, Elmar Baxşıyevin yetirmələri bu gün səhər saatlarında Bakı-Antalya reysilə səfərə çıxıb. Gənc çalışdırıcı Türkiyəyə yollanmamışdan əvvəl Sport24.az-ın suallarını cavablandırıb.
- Başa çatan bir həftəlik Bakı hazırlığınızı necə dəyərləndirərdiniz? Əsasən fiziki yükləmələr üzərində çalışdınız...
- Bəli, burda fiziki yükləmələri keçdik. Fikirləşdiyimiz, planda nə var idisə, Bakı təlim-məşq toplanışında komanda onu qəbul elədi. Futbolçularda fiziki baxımından hər şey qaydasındadı. Onlar peşəkardırlar və heç birində artıq çəki problemi olmayıb.
- Antalyadakı 10 günlük toplanışda əsas diqqətiniz yoxlama oyunlarına, taktiki çalışmalara yönələcək...
- Əsas xətlər arasında əlaqəni daha yaxılaşdırmaq üzərində dayanacağıq.
- Bəs, sparrinq-rəqibləri seçərkən, əsas diqqəti nəyə yönəltdiniz?
- Üçü də yüksək liqa təmsilçisidi. Daha çox özümüz istədik ki. Avropanın yüksək liqalarında gedən komandalarla oynayaq. Özümüz belə güclü rəqibləri seçdik ki, komandamızın püxtələşməyinə müsbət təsir eləsin.
- Belə ciddi sınaqlarda nəticə nə dərəcədə önəmli olacaq? Qalib ruhu formalaşdırmaq baxımından...
- Dediyim kimi, əsas fikrimiz xətlər arasında əlaqələri daha da yaxşılaşdırmaqdı. Əlbəttə, nəticə də önəmlidi. Amma ən önəmlisi futbolçularımızın həmin oyun tonuslarını əldə eləmələridi.
- Braziliyalı vinger Patrik Robsonun transferi yekunlaşdı, amma koronavirusa yoluxduğuna görə Antalyaya gec qoşulacaq. Bu, planlarınızı nə dərəcədə pozdu?
- Təbii ki. onun komandaya daha tez qoşulmasını istəyərdik. Amma yenə də nəzərə alaq ki, tək biz bu durumda deyilik. Bu, bütün dünyada gedən prosesdi və biz də buna uyğunlaşmalıyıq.
- Yeni transferiniz Antalyaya özünü çatdıra biləcək, yoxsa..?
- O Vətənindədi, uçuşa hazırlaşdığı dönəmdə test verib ki. nəticəsi pozitiv çıxıb. Qarşıdakı günlərdə yəqin, bir daha testdən keçəcək. Cavabı neqativ olsa, gələ bilər sıralarımıza. Durumunu gözləyəcəyik. Belə biz deməklə nəsə ola biləcək bir şey deyil. Təki sağlamlığı qaydasında olsun, gec qoşulmağı problem olmaz.
- Hər halda, komandayla Antalyada 5 gün də hazırlıq keçsə, yaxşı olardı, nəinki Bakıda sizə qoşulmağı...
- Əlbəttə, o, Bakıda, Antalyaya getməmiş qoşulsaydı, bizə daha yaxşı olardı. Amma bizdən qaynaqlanan problem deyil.
- Hazırlığın son günlərində zədə probleminiz olmadı?
- Yox. Ürfan Abbasovdan başqa zədəlimiz yoxdu və bütün komanda tam tərkibdə Antalyaya yollanır. Akademiyamızdan 5 futbolçu heyətimizə qatmışıq ki, onlardan 2-si yenidi, 3-ü olub bizimlə cari mövsümdə.
- Ürfandan söz düşmüşkən, əməliyyata tələsməyərək, 1 aylıq müalicə-bərpa prosesi keçməlidi...
- Əməliyyat hər zaman mümkündü. Amma müsbət tərəfi də var ki, ümidliyik Ürfan əməliyyatsız zədəni adlaya bilməsinə. Sadəcə, həmin bərpa prosesini keçməlidi ki, sonrakı mərhələdə görək durumu necədi. Əlbəttə, vəziyyəti yaxşılığa doğru getsə. Abbasovu məşqlərdə görə bilərik.
- İstənilən halda, 1 ay az müddət deyil. Belə olan halda, həmin möqveyə sol cinah müdafiəçisi axtarışınız gedir?
- Hələ ki açığı, o barədə yenilik yoxdu. Buna görə nəsə deməyə ehtiyac görmürəm.
- Klub rəhbərliyiniz isə "Səbail"in sol cinah müdafiəçisi Turan Manafovla maraqlandığınızı, hətta təklif göndərdiyinizi rəsmən açıqlayıb...
- Bəli, Turan maraq dairəmizdədi. Sadəcə, onunla müqaviləmiz olmadığından, düşünürəm ki. nəsə rəy verməyim düzgün olmazdı. Yeni transfer olaraq yalnız Patriki planlaşdırırdıq. Yəqin. o, elə son transferimiz olacaq qış fasiləsində.
MEHMAN SÜLEYMANOV