Azərbaycan Kubokunun finalında "Sabah" ilə "Zirə" arasında baş tutacaq final matçından əvvəl "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı təşkil olunub. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçdan gözləntilərini bölüşüb:

 

– Ardıcıl ikinci ildir, kubokun finalındayıq. Hər ölkədə belə matçlar böyük hadisədir. Rəqibimiz "Zirə"ni təbrik edirəm ki, finala qədər gəliblər. İstəyirəm ki, sabah meydanda hər iki komanda yaxşı oyun göstərsin. Hər kəsi tribunaya dəvət edirəm, inanıram ki, onlar matçdan həzz alacaqlar. Titulumuzu qorumağa çalışacağıq. Karyeramda çox final oynamışam və necə çətin olduğunu bilirəm. Düşünürəm ki, sabahkı matçda çoxlu qollar, dramatik anlar olacaq. İstəyirəm ki, meydanda güclü olan komanda – "Sabah" qazansın.

 

– Penaltilər seriyasına hazırlaşmısınızmı?


– Hər nəticə ola bilər. Matç əlavə vaxta da gedə bilər. Drama, yorğunluq da mümkündür. Səmimi deyirəm, penaltilər seriyası üzərində işləməmişik. Ümumi olaraq, hər məşq sonu penaltilərə çalışırıq.

 

 

– Bu final sizin karyeranız üçün nə ifadə edir?


– Mənim üçün böyük əhəmiyyət kəsb edir. Tarixi fürsətdir, bir mövsümdə iki titul qazana bilərik. Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik. Oyunu səbirsizliklə gözləyirik.

 

– Kuboku qazansanız, "Neftçi" Konfrans Liqasına, "Qarabağ" Avropa Liqasına gedəcək. Onların bu oyuna diqqəti böyükdür. Üzərinizdə təzyiq var?


– Nə üçün təzyiq hiss edək? Belə suallara nifrət edirəm. Kubokun finalıdır və iki komanda üçün tarixi oyundur. Başqa şeylər haqqında düşünmürüm. Bütün diqqətimiz özümüzdədir, üçüncü komanda bizi maraqlandırmır. Qalib gələrsək, azarkeşlərimizi sevindirəcəyik, məğlub olsaq, öz fanatlarımızı məyus edəcəyik. Başqa şeylər haqqında danışmağın mənası yoxdur. Çalışacağıq ki, özümüz üçün oynayaq və matçdan qalib ayrılaq. Başqa klubların taleyi bizi maraqlandırmır.

 

– Karyeranızda 7 titul qazanmısınız. Bunun üstünlüyü var?


– Fərqli hisslərdir. Keçmişdə qazanılan uğur keçmişdə qalır. Çünki bunları fərqli komanda, fərqli oyunçularla bacarırsan. Təcrübəni hər gün məşqdə əldə edirsən. Finallar səni yaxşı məşqçi etmir. Həm biz, həm "Zirə" sabah qələbə üçün çalışacaq. Güclü olanın qazanacağını düşünürəm. İstəyirəm ki, maraqlı oyun olsun.

 

– "Zirə"nin beş müdafiəçi ilə oynayacağı gözlənilir. Bu cür komandalara qarşı oynamaq daha çətindir. Maraqlıdır, bunun üzərində işləmisiniz?


– Hər şeyi danışsam, marağı qalmaz. Düzdür, "Zirə"yə qarşı hazırlaşmaq çətindir. Onları dəfələrlə təhlil etmişəm və məncə, böyük sürprizlər olmayacaq. İki komanda da bir-birini tanıyır. Matçın taleyini kiçik detallar həll edəcək. Əvvəlki matçlara necə hazırlaşmışıqsa, buna da elə olacaq. Bizim hər zaman fərqli planlarımız olur. Üzərimizdə böyük təzyiq yoxdur və düşünürəm ki, meydana daha rahat çıxacağıq. İstədiyimiz oyunu sərgiləsək, meydanda yaxşı komanda biz olacağıq.

 

– Adətən mövsümün son oyunu kubok olanda futbolçuları kökləmək çətin olur. Amma bu dəfə fərqlidir. Sizcə, finalın mövsüm bitməmiş olması daha yaxşıdır?


– Bu məsələdə fikrim yoxdur. Qaydalara hörmətlə yanaşırıq. Məncə, finalın vaxtının çox önəmi yoxdur. Biz kimik ki, gəlib, nələrisə dəyişəcək.

 

– "Omoniya"da işləyən zaman "Zirə"yə 6:0 hesabıyla qalib gəlmisiniz. Bundan əlavə, bu mövsüm də çempionatda üç dəfə onlara qalib gəlmisiniz. Futbolda belə şey var ki, bir məşqçiyə nə qədər çox uduzursansa, aqressiya yaranır. Sabah Rəşad Sadıqovdan aqressivlik gözləyirsiniz?


– Həqiqətən, bu cür statistikaların mənim üçün mənası yoxdur. Finaldır və iki komanda üçün vacib məqamdır. Belə matçlar elədir ki, hər nəticə mümkündür. Məncə, iki komanda da aqressiv olacaq və qələbə üçün çalışacaq.

 

– "Zirə" qələbə qazansa, Avropa Liqasına gedəcək. Sizcə, bu, sizə problem yarada bilər?

 

– Siz nə düşünürsünüz?

 

– Məncə, daha istəkli olacaqlar…


– Biz də istəkli olacağıq. Onlara problem yaratmağa çalışacağıq. Az səhv edən komanda qalib olacaq. İnşallah, ən yaxşı kollektiv titulu qazanar.