"Bakıya qələbə üçün gəlmişdim". Bunu jurnalistlərə açıqlamasında "Bakı Marafonu 2025"in qalibi Ataş Sezgin deyib.

Türkiyəli atlet qələbə təəssüratlarını bölüşüb. 21 km məsafəni qət edən atlet yarışa qatılarkən özündən uğurlu nəticə gözlədiyini bildirib: "İllərdir ki, marafon qaçdığım üçün uzun məsafələrə öyrəncəliyəm. Ona görə də, çox çətinlik çəkmədim. Külək qaçmağımıza bir qədər mane oldu, ancaq ciddi problem yaratmadı".

 

Atlet yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Bakıya ilk gəlişimdir. Qələbə qazanacağımı bilirdim. Bundan öncə dəfələrlə müxtəlif yarışlarda qalib olmuşam. Bakı haqqında maraqlı fikirlər eşitmişdim və bura gəlməyi çox istəyirdim. Burada çox möhtəşəm atmosfer var. Məni dəstəkləyən hər kəsə çox təşəkkür edirəm".

 

Qeyd edək ki, 2016-cı ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2025" idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.