"Sabah"ın futbolçusu Coy-Lens Mikelsin Azərbaycandakı karyerası xarici mediada diqqət çəkib. 

Məşhur "Goal.com" nəşri 32 yaşlı hücumçunun qeyri-adi futbol yolundan bəhs edən geniş yazı dərc edib. Sport24.az yazının bir qismini təqdim edir:

 

Mikels 2021-ci ildə Azərbaycana, "Sabah"a keçəndə yaxınlarının bir qismi bu qərarı karyerasının sonu kimi qiymətləndirib. Futbolçunun öz sözlərinə görə, dostları ona "Azərbaycana transfer olunsam, karyeramı birbaşa bitirə bilərəm" deyiblər. 

 

O isə fərqli qərar verərək yeni macəraya başlayıb. Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunun yetirməsi olan Mikels vaxtilə böyük ümidlər bəslənilən futbolçu olub. O, klubun U-19 komandasında 2012/13 mövsümündə 17 qol vurub. Daha sonra "Şalke"nin əsas komandası ilə məşqlərə cəlb olunsa da, Bundesliqada oynamaq arzusu gerçəkləşməyib.

 

Mikels 2021-ci ildə "Sabah"a keçdikdən sonra isə karyerasını yenidən qurmağı bacarıb. Azərbaycan klubunda əsas heyətin vacib üzvlərindən birinə çevrilən futbolçu 2025/26 mövsümündə 18 qolla Premyer Liqanın bombardiri olub. "Sabah" isə tarixində ilk dəfə Azərbaycan çempionluğunu qazanıb. 

 

Bu mövsüm isə Mikels və "Sabah" daha böyük hədəfə doğru irəliləyir. Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının təsnifat mərhələsində TNS (Uels), "KuPS" (Finlandiya) və "Orhus" (Danimarka) mübarizədən kənarlaşdıraraq pley-offa yüksəlib. "Orhus"a qarşı cavab oyununda 4:0 hesablı qələbədə Mikels də qol vurub.

 

Mikelsin hekayəsində daha bir xüsusi məqam var. Ruanda millisində çıxış edən futbolçunun əkiz qardaşı Coy-Sleyd və digər qardaşı Leroy da eyni yığmada oynayır. Üç qardaş vaxtilə "Borussiya"nın U-19 komandasında birlikdə çıxış ediblər.

 

Beləliklə, bir vaxtlar Azərbaycana transferini karyerasının sonu hesab edən Mikels indi "Sabah"la Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağa cəmi bir addım məsafədədir.