Portuqaliyanın AVS klubunun futbolçusu Neyva Gilerme karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Diario de Transferencias" nəşri məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan Azərbaycan Premyer Liqası klublarından biri 25 yaşlı hücumçunun transferi üçün AVS-ə təklif göndərib.

Bildirilib ki, Neyva Gilerme yalnız Azərbaycandan deyil, İspaniya, Kipr, Braziliya və Bolqarıstan klublarından da təkliflər alıb. Bu səbəbdən futbolçunun gələcəyi ilə bağlı qərarı yaxın günlərdə verməsi gözlənilir.

AVS ötən mövsüm Portuqaliya Premyer Liqasını tərk etdiyindən, braziliyalı futbolçu klubunu dəyişməyə müsbət yanaşır. Bununla belə, onu transfer etmək istəyən komanda ən azı 500 min avro təzminat ödəməli olacaq.

Qeyd edək ki, həm mərkəz hücumçusu, həm də vinger mövqeyində çıxış edə bilən Neyva Gilerme ötən mövsüm Portuqaliya çempionatında 24 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.