Dünya çempionatında çıxış edən Kabo Verde millisinin qapıçısı Vozinyanın vaxtilə Azərbaycanda oynamaq şansı olub. Sport24.az xəbər verir ki, bu barədə futbol agenti Fuad İbrahim sosial şəbəkə hesabında paylaşım edib.
Agent üç il əvvəl təcrübəli qolkiperlə aralarında baş tutan söhbətin təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, hazırda 40 yaşı olan Vozinya həmin dövrdə karyerasını Azərbaycanda davam etdirməkdə maraqlı olub.
Fuad İbrahim bildirib ki, qapıçının ölkəmizə gəlməsi üçün müəyyən cəhdlər göstərilsə də, bu mümkün olmayıb:
"Çox təəssüf ki, onu Azərbaycanın heç bir komandasına bəyəndirə bilməmişdik".
Qeyd edək ki, Vozinya ötən gün dünya çempionatında İspaniya ilə qolsuz bərabərə qaldıqları görüşün (0:0) ən yaxşı futbolçusu seçilib. Təcrübəli qapıçı bir neçə epizodda komandasını real qol təhlükəsindən xilas edərək Kabo Verdenin tarixi nəticə qazanmasında mühüm rol oynayıb.