Azərbaycan Premyer Liqasının XVI turunun "Kəpəz" – "Turan Tovuz" oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

 

– Bu gün istədiklərimizi həyata keçirə bilmədik. Komanda ilk dəqiqələrdən "Turan Tovuz"un təsiri altına düşdü. 2-3 gün ərzində danışdığımız gedişlər meydanda alınmadı. Bəzən zəif oyunlar olur. İstəməzdik ki, bu gün olsun. Demək olar ki, heç nə alınmadı. "Turan Tovuz"u təbrik edirəm.

 

– Futbolçular ilin son matçı olduğu üçün istirahətə yollanmağa tələsir?

– Yox. Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçuların motivasiyası da yaxşı idi. Bəlkə də mövsümün yorğunluğundan ola bilər. Çox ağır günlərimiz oldu.

 

– Rəqib oyunçular tez-tez yerə yıxılırdı və hakim də oyunun dayanmasına şərait yaradırdı. Bu, sizin oyununuza mənfi təsir etdi?

– Səbəb tək bu deyil. Rəhim Həsənovla görüşdə bildirdi ki, istəyimiz oyunun tempinin düşməməsi, tez-tez dayanmaların olmamasıdır. Bu gün tək futbolçulara yox, məşqçilər heyətinə psixoloji təsiri oldu. Yalan olmasın, rəqib oyunçular bəlkə 20 dəfə yerə yıxıldılar. Bunda çox vaxt məqsəd vaxt aparmaq idi.