Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində evdə 0:2 hesabı ilə “Sabah”a məğlub olan “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə görüş haqda fikirlərini bölüşüb. 

- Bilirdik ki, “Sabah” bizdən daha gümrahdı. Mübarizə apardıq. İlk qolu bizə pis təsir etdi.

- Komandamızda fiziki yorğunluqdan savayı psixoloji cəhətdən də yüklənmiş görünürdülər. Xüsusilə, bu, Rəhim Sadıxovda özünü büruzə verirdi...

- Fiziki cəhətdən yorğun olanda bu, psixologiyaya da təsir edir. Ağır qrafikimiz var. Ancaq şanslarımız yaxşıdı, sonadək mübarizə aparacağıq.

- Xocaniyazovun qırmızı almadı da bundan qaynaqlanırdı?

- Zənnimcə, sarı vərəqələr bir qədər artıq oldu.

- Camaləddin ilk dəqiqələrdən aqressiv görünürdü. Düşünmürsünüz ki, onu əvəzləməməkdə səhvə yol verdiniz? Axı, artıq sarı vərəqəsi də var idi...

- Fasilədə sarı vərəqəsi olan futbolçulara xəbərdarlıq etmişdik. Amma bütün rəsmi xəbərdarlığı olan oyunçuları dəyişmək üçün 4-5 nəfəri ehtiyata göndərməli idik.

- Vəziyyət acınacaqlıdır. Çünki finişdə ehtiyat qüvvə qıtlığınız var. Məsələn, Əli Qurbanini əvəzləyəcək oyunçunuz yoxdu...

- İndi bununla bağlı şikayətlənməyim düz olmaz. Çünki əvvəldən nəyə getdiyimizi bilirdik. Ancaq qarşımıza avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoymamışıq. Büdcəyə uyğun hərəkət edirik.

- Artıq “bıçaq sümüyə dirənib”. Bəlkə çempionatla kubok arasında seçim edəsiniz?

- Kubokun finalı çempionat bitdikdən sonra keçiriləcək. Kubokun yarımfinalının ilk qarşılaşmasında bir sıra oyunçuya istirahət verdik. Açıq deyim, “stavka”nı çempionata etmişdik. Amma ilk görüşdəki qolsuz bərabərlikdən sonra Kubokda da vuruşması olduq. Qrafik sıxdı, bu, bizi narahat edir. Amma nə edə bilərik? Hər iki cəbhədə döyüşəcəyik. Bu gün uduzmuşuqsa, bu, o demək deyil ki, 3-cü yer şansımız qalmayıb. Qarşıda 3 tur var. Uşaqlara da paltardəyişmə otağında dedim ki, bu oyunu unudub növbəti matça hazırlaşmaq lazımdı.

- Bildiyimizə görə, komandanız hələ yarımfinaldakı qələbəyə görə mükafat almayıb. Finaldakı rəqibiniz olan “Keşlə”nin prezidenti Zaur Axundovun isə qələbə qazanacaqları təqdirdə komandasına yüksək mükafat söz verdiyi bildirilir. Bu da yəqin ki, rəqibə əlavə üstünlük verir?

- Əlbəttə, bu, əlavə stimuldur. Ümid edirik ki, bizdə də tezliklə yarimfinalın mükafatları veriləcək və komandamızın stimulu artacaq.