"Turan Tovuz" Misli Premyer Liqasında başa çatan mövsümün debütantı olsa da, özünü heç də debütant kimi aparmadı. Turnir cədvəlində uzun müddət 6-cı pillədə olan, iddialıları dəfələrlə büdrədən Ayxan Abbasovun komandası yekunda da elə 6-cı oldu. Tovuzluların Kubokda çıxışı daha çox diqqət çəkdi. Belə ki, bölgə təmsilçisi az qala turnirin favoriti "Neftçi"nin finala yolunu kəsəcəkdi.
Bütün bunlarla bağlı Abbasovla görüşüb söhbətləşməklə 2022/23 mövsümünə yekun vurduq. 42 yaşlı mütəxəssis Sport24.az-ın yeni ofisində ilk müsahib oldu.
- Mövsümün əvvəlində dəfələrlə eşitmişik ki, Ayxan Abbasov "bizim qarşımıza Premyer Liqada qalmaq vəzifəsi qoyulub" deyib. Ok, vəzifə qoyulanda ona yaxın düşərsən. Amma "Turan Tovuz" mövsümün əvvəlindən axırınadək orda heç bir təhlükə görmədi ki, onun həyəcanını yaşasın. Bu sistemi sıfırdan başlayan komandaya aşılamağın sirri nədir?
- Sevinirik ki, o dərəcəyə düşmədik. Bəlkə də o təzyiqə düşsək, tam fərqli olardı. 9 il Premyer Liqa həsrətində olan bir bölgə aşağı dəstəyə düşmək istəmirdi. Azarkeşlər də bizə " Premyer Liqada qalaq, möhkəmlənək" deyirdi. Sirr odur ki, biz - həm rəhbərlik, həm məşqçi heyəti doğru addımlar atdı. Tez bir zamanda tanıdığımız, bələd olduğumuz, xarakterli futbolçular gətirdik. Və sevindirici odur ki, həmin futbolçular büdcə bilinmədən, çətinliklər ola-ola bizimlə çalışmaq istədilər. Onlarda olan istəyi görürdüm. O çətinliklərə tab gətirdilər və qazandıq. Ən önəmlisi odur ki, klub peşəkarcasına idarə olunurdu. Hərə öz işini görürdü və hərə öz işində inkişaf eləmək istəyirdi.
- Burda Ayxan Abbasovun rolu nə oldu ki, bütün tanıdığı futbolçular onun başına toplaşdı? Bu, komandanın formalaşmasında vacib amildi. Üstəlik, yayda Tiflis toplanışına belə, böyük çətinliklərlə yollanmışdınız...
- O futbolçular bilirdi ki, ümid olmayan yerə getmərəm. Nəsə bilib gedirik. Bu gün "Turan Tovuz" rəhbərliyini, Tovuzu tanıdığım, bildiyim, bizə ayrılan büdcəni bildiyimiz üçün ən maksimum dərəcədə şəraiti düzəldəcəyimiz onlara məlum idi. Ən önəmlisi işə yanaşma, ünsiyyətdi. Sevinirik ki, həmin futbolçular bizdə oldu. Bir çoxları yaxşı çıxış etdi, təkliflər gəldi. Bu da ünsiyyətin qarşılığıdı.
- Azərbaycan Kubokuna toxunaq. Yarımfinalın adı gələr-gəlməz "Turan Tovuz" düşdü əsməcəyə və Premyer Liqada xeyli planlaşdırmayan xallar itirdi. Bir sıra oyunlarda komandanız özünə bənzəmirdi, sanki futbolçuların ayaqları qıc olmuşdu. Doğrudandamı, Kubokun yarımfinalı o dərəcədə önəmli idi ki, Tovuz klubu özünü belə itirdi?
- Bunu tək Kuboka bağlamaram. Amma yarımfinal stressi oldu. Üstəlik, həmin dövrümüz komandanın eniş vaxtına düşdü. Həm eniş, həm də futbolçularda final istəyi üst-üstə gəldi. Bu gün düzgün təhlil etsək, Premyer Liqada hər bir komandanın eniş dövrü var - istər nəticə, istərsə də keyfiyyət baxımından. Məsələn, deyirsən ki, filan komanda yaxşı oynamadı, amma qələbə qazandı. Elə məqamlar da olur ki, oyun var, amma nəticə yoxdu. Həmin dövrdə bizdə oyun baxımından eniş oldu. 3-4 tura o vəziyyətdən çıxa bildik. Bu da həmin Kubok oyunundan öndə idi.
- Cavab yarımfinal matçının taleyinin həll olunduğu həmin 7 dəqiqəlik uzatmanı indi soyuq başla analiz edəndə, hansı nəticə çıxarırsınız? Nə çatmadı finalın bir addımlığında olarkən? Soyuqqanlılıq?
- Düzdür, təhlil aparırıq. Soyuqqanlılıq yox, inamsızlıq deyərdim. Oyunun sonlarına yaxın uduzmaqdan qorxduq ki, qol buraxarıq. Qol epizodumuz oldu. O qol olsa, daha rahat olardıq. Amma "Neftçi" bizə qol vursaydı, daha rahat olardı. Artıq oyunun sonlarında o stress bizi sıxdı. Bu da bir təcrübədi və bunu klub olaraq keçməliyik. Bu gün qarşımıza Premyer Liqada qalmaq qoyulub. "Zirə", "Sabah"la görüşlərdə o oyunu göstərə bilmədik. Bu da təcrübədir və onu keçməlisən.
- "Turan Tovuz" Kubokun yarımfinalında "döyülən" kimi tam başqa komanda gördük və ardıcıl qələbələr gəldi - istər "Qəbələ", istər "Zirə", istərsə də "Neftçi" üzərində. Sanki göstərdiniz ki, Kubokda təcrübədə uduzdunuz. Növbəti mövsümü rakursundan yanaşsaq, analoji vəziyyətə düşsəniz, demək olarmı ki, "Turan Tovuz" bu acını yaşamayacaq? Yoxsa bir dəfə azdı?
- İndidən nəsə desək, çətin olar. Görün, neçə illərin təcrübəli komandası da eyni vəziyyətə düşür və məğlub olur. Amma belə vəziyyət olandan sonra futbolçular, klub təcrübəli olur. Səhvləri təkrarlamamağa çalışacağıq. Futbolda illərlə olsan da, elə bir vəziyyətə düşə bilərsən ki, bu, ilk dəfə olar. Məsələn, finalda uduzursan, deyirsən bir finalda oynasam, təcrübəm var. Bu gün desək ki, bunu keçdik, sabah rahat olacağıq - bunu demək çətindir.
- Belə bir sözünüz var, tez-tez istifadə edirsiniz - əsasən legionerləriniz Runi Eva ilə Natan Oduvaya şamil olunur - onlar öz komandalarını tapdılar. Həqiqətən belədi, yoxsa "Turan Tovuz" onları tapıb?
- Deyərdim ki, onlar komandalarını tapıb. Futbolçuya inam onları motivasiya edir. Natanı buna ehtiyacı vardı. Karyerasına baxanda, son illərdə klubsuz qalmışdı, bu üzdən onda inamsızlıq vardı. Azarkeş onu bağrına basdı, 2 il qol vurmayan oyunçu qol vurur, azarkeş dəstəkləyir. Bu da Oduvaya otivasiya verir və oyununda hiss olunur. Runi isə karyerasında bu qədər qol vurmamışdı. Biz onu izləyəndə, Yunanıstanın 1-ci liqasında cəmi 5 qolu olmuşdu. Potensialını gördük və hiss etdik ki, bizə xeyir verə bilər. Hər bir futbolçuya oyundan sonra səhvlərini deyirik. Futbolçu var ki, səhvlərini azaldır, eləsi də var dəyişmir. Azaldan futbolçunun potensialı var. Deməli, sən ona kömək edə bilərsən. Amma səhvlərini azaltmayan futbolçunun maksimumu budur. Bu gün Runi ilə Natan da artırıblar. Amma ayrılıqda götürsək, Oduvanın potensialı daha çoxdu. Amma tam aça bilmədi. Evanın potensialı o qədər də deyil, amma çox açıldı.
- Öz komandasını tapan oyunçu niyə getsin?
- Biz futbolçu kimi düşünmürük. Bəlkə o da dəyişiklik, iddia və daha yaxşısını istəyər. Bu, normaldı. Amma düzgün qərar vermək və bunu zamanında etmək lazımdı.
- Yeni mövsümdə yeni nəfəs olacaqmı?
- Bu gün bəyəndiyimiz futbolçuları gətirmək çətin olur. Niyə? Çünki çempionatların bəziləri bitməyib. Futbolçulara təkliflər çox ola bilər, çox söz verilə bilər. İndi transferlər çətin alınır. Danışdığımız, bəyəndiyimiz futbolçular var.
- Maraqlıdı, daxili bazarda komandanı gücləndirəcək futbolçular varmı?
- Bəli. 3-5 belə futbolçu var. İlk transferimiz Aydın Bayramovdu. Bir neçəsi ilə danışıqlar gedir. Onlar da vaxt istəyib.
- Bəlkə də bu sual verilib. Növbəti mövsümün hədəfində Premyer Liqada möhkəmlənmək demisiniz. Amma bunun arxasında cüzi də olsa faiz varmı ki, möhkəmlənib elə gələn mövsüm Avropaya çıxaq?
- Gələn mövsüm bizim üçün çox çətin və vacibdi. Çünki məsuliyyət artıb. Hər kəs yuxarı pillə istəyir. İndi 6-cı yer olubsa, gələn mövsüm yaxşı olmalıdır. Digər tərəfdən 7, 8, 9-cu pillələrdə olan komandalar da yuxarılar istəyəcək. Debütant idik, daha rahat idik. Transferlər, gələn futbolçularla istəyirik oyun planında da artaq. Bu yaxşı da ola bilər, pis də. Amma bu periodu keçə bilsək, inanıram ki, 3-cü il daha iddialı ola bilərik. Amma bizi ağır yol gözləyir və bunu keçmək lazımdı. Bu yolu keçməsən, bir il avrokuboka çıxıb sonra aşağı düşmək qəbul olunmur.
- "Qəbələ" çox pis vəziyyətdə olanda baş məşqçisi Elmar Baxşıyevlə müqaviləni artırdı və irəliləyişə nail olaraq Avropaya vəsiqə qazandı. Bu addımı "Turan Tovuz"da da gördük, sadəcə, Baxşıyevdən fərqli sizinlə mövsüm bitməmiş 3 illik müqavilə imzalandı. Bunun arxasında nə durur - bizim məşqçiyə heç kəs göz dikməsin, yoxsa ona güvənirik və o da hiss eləsin bu güvəni? Birdən-birə 3 illik müqavilə kimə mesajdı?
- Bizdə qışda yeni sponsor gəldi. Onlarla ilk görüşümüz oldu. Böyük bir layihədi. 3 il ərzində klub daha da böyüməlidi. Dedilər ki, eyni məşqçi ilə yola davam etməliyik. Futbolçular da gənc və təcrübəlilərlə müqavilə bağlayanda, 2 illik təklif etdik. Bu 3 ildə bərabər olmağımız, iş planlarımız yaxın oldu. Hamısı bundan irəli gəldi ki, planımız 3 ildə Azərbaycan çempionatında iddialı kluba çevrilməkdi. Buna da vaxt lazım olacaq.
CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV