Misli Premyer Liqasının XXXIII turunda keçirilən "Şamaxı" - "Səbail" (1:1) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

 

- Maraqlı oyun alındı. "Səbail" bütün matçlara final oyunu kimi yanaşır. "Araz-Naxçıvan"a qarşı da yaxşı oyun sərgiləmişdilər. Biz işimizin öhdəsindən gəlmişik - premyer-liqadakı yerimizi qorumuşuq.

 

- Edqarın zədəsi ciddidi?

- İnanmıram ciddi olsun. Amma toxunuş var idi.

 

- Komandanın növbəti mövsüm üçün planları necədi?

- Sponsorsuz komandayıq. Dövlətin ayırdığı pulla dolanırıq. Hələ növbəti mövsümlə bağlı büdcəmiz bəlli deyil. Yaxın günlərdə futbolçularla danışıqlara başlayacağıq. Hələ gözləyirik. Heyəti qorumaq çətin olacaq.

 

- Büdcənin miqdarının bəlli olmaması sizin üçün nə dərəcədə çətinlik yaranacaq?

- Çox ciddi çətinlik yaradacaq. AFFA-nın ayırdığı maliyyənin azaldılması da duruma birbaşa təsir göstərəcək.

 

- Amma Rikardo Fernandeslə yeni müqavilə imzaladız...

- Bəli, onun çoxlu təklifləri var idi. Peşəkar futbolçudu. Razılığa gəldik. Başqa oyunçularla da ortaq məxrəcə gəlməyin yollarını tapmalıyıq.

 

Nuh Tarverdiyev