"Yığmamızla yeni həyəcan başlayır. Fernandu Santuşun rəhbərliyi altında Azərbaycan millisi ilk rəsmi oyununu keçirəcək. Portuqaliyalı mütəxəssis mətbuat konfransında uğur qazanmağa fokuslandıqlarını deyib. Onun yığmamızdakı debütü futbol ictimaiyyəti üçün çox maraqlıdı". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.
51 yaşlı mütəxəssis bu gün İsveçlə qarşılaşacaq millinin şanslarını dəyərləndirib: "Yaxın keçmişdə Bakıda İsveçi bir dəfə məğlub etmişik. Həmin qələbənin psixoloji üstümlüyü millimizə kömək edə bilər. Amma məsələyə geniş anlamdan baxanda isveçililər üzərində 3:0 hesablı qələbəni yaddan çıxarmalıyıq. Həmin oyunda skandinavların motivasiyası yox idi. Hazırkı Millətlər Liqasında İsveç millisi çox iddialıdır. Qrupumuza nəzər salsaq bir onlar, bir də Slovakiya potensial favorit hesab olunur. Amma mənə görə oyunçu siyahısına baxsaq, slovaklar daha çox favoritdir. Evdə oynamağımız, yeni baş məşqşinin olması və futbolçuların özünü yaxşı tərəfdən göstərmək istəyi komandamızın lehinə olan məqamlardı. Səmimi deyim ki, 3:0 hesablı qələbəni təkrarlayacağımızı gözləmirəm. Yığmamızla bağlı narahat edən bəzi məqamlar var. Qapı xətdində "1 nömrə" problemimiz var. Yusif ilə Rza perspektivli qapıçılar olsa da, milli səviyyəsi üçün hələ bişməyiblər. Mehdi klubunda sabit oynasa da, yığmada yetərincə təcrübəsi yoxdu. Fernandu Santuşun qapıda kimə şans verəcəyi böyük maraq doğurur. Həmçinin zədə və oyun təcrübəsindən əziyyət çəkən oyunçular da var. Mahir Emreli zədəyə görə kənarda qalıb. Emin Mahmudov klubunda qeyri-sabit çıxış edir. Sadaladıqlarım millinin oyununa təsir edə bilər. Düşünürəm ki, 90 dəqiqə döyüşüb, müdafiədə boşluqlar verməsək və topa maksimum nəzarət etsək 1 xal qazana bilərik. Zənnimcə, bu gün üçün heç-heçə uğurlu nəticə olar".
Qeyd edək ki, Bu gün "Tofiq Bəhramov"da keçiriləcək Azərbaycan – İsveç oyunu saat 20:00-da başlayacaq.