"Bu cütlüklərə proqnoz vermək çox çətindir. Yarımfinala yüksələn hər bir komanda çempionatda liderlər qrupunda yer alıb. "Turan Tovuz", "Zirə" Avropa Liqasına yollanmaq, "Sabah" və "Qarabağ" isə çempionluq uğrunda mübarizə aparır". Bu sözləri Sport24.az-a açıqlamasında millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunları ilə bağlı fikirlərini bölüşüb: 

"Hər 4 klub oyun və keyfiyyət baxımından mövsümün ən yaxşılarındandır. "Turan Tovuz" - "Zirə" qarşılaşmasında ilk duel olduğu üçün komandalar ehtiyyatlı davranacaqlar. Şanslar bərabərdir, qarşılaşmanın heç-heçə bitəcəyini düşünürəm. Məncə, cütün taleyi cavab oyununda bəlli olacaq. "Qarabağ" - "Sabah" oyununa gəlincə isə, Masazır təmsilçisi çempionluq yolunda yaxşı xal fərqi yaradıb. Yəni, böyük ölçüdə çempionluğu əldən verməyəcək. Bu baxımdan meydana daha rahat çıxacaq. Ağdamlılar üçün çempionluğun əldən getdiyi görünür. Ona görə də, ən azın kuboku qazanıb, mövsümü titulsuz bitirmək istəməyəcəklər. "Qarabağ" ilk oyunu evdə keçirir, daha istəkli olacaqlar. Fikrimcə, minimal hesabla da olsa da, qalib gələcəklər". 

Qeyd edək ki, Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları sabah keçiriləcək. "Turan Tovuz" – "Zirə" matçına saat 17:30-da, "Qarabağ" – "Sabah" qarşılaşmasına isə 20:00-da start veriləcək.