"Qarabağ" "Sabah" qarşılaşması həmişəki kimi maraqlı olacaq. Proqnoz vermək çox çətindir. Çünki son zamanlarda bu iki komandaların arasında keçirilən görüşlərdə "sülh" qeydə alınır". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 28-ci turunun mərkəzi qarşılaşması olan "Qarabağ" - Sabah" matçından gözləntilərini bölüşüb:

"Son illərdə bu komandalar arasında oyunlar həm turnir cədvəli, həm prinsipiallıq baxımından maraq doğurur. Statistik göstəricilər "Sabah"ın tərəfində olsa da, çempionatda komandalar arasında son görüş olduğu üçün həlledici də ola bilər. "Sabah" psixoloji cəhətdən bir qədər üstün görünür. Son oyunlardakı qələbələrə görə komandada ab-hava daha yaxşıdır. "Qarabağ" riskə gedib qələbə qazanmağa çalışacaq. Bu dəfə matçın nəticəsinin heç-heçə olacağını düşünmürəm. Ağdam klubu açıq futbol oynayacaq. Bundan "Sabah" necə istifadə edəcək? Bu, maraqlı nüansdır. Əgər "Qarabağ" uduzsa, "Sabah"ı çempionluq münasibəti ilə təbrik edə bilərik".

Xatırladaq ki, qarşılaşma aprelin 18-i Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.