"İlk oyundan sonra növbəti mərhələnin taleyi 70-80 faiz həll olunub". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis "Sabah" və "Petrokub" klubları arasında Masazırda keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından gözləntilərini bölüşüb:
"Sabah" rəqibə ciddi yanaşmalıdır. Səfərdə inamlı futbol oynayan "Sabah" layiqli qələbə qazandı. Dediyim kimi, ən vacibi rəqibə ciddi yanaşmaqdır. Moldovada "Petrokub"a qalib gəlsələr də, bu heç də asan olmadı. Yalnız ikinci hissədə, qapıçının səhvindən sonra "Sabah" iki qol vurdu. Ümumiyyətlə isə bərabər oyun gedirdi. Bu baxımdan deyirəm ki, "Sabah" oyuna ciddi hazırlaşsa, Masazırda da onlara qalib gələ bilər".
Qeyd edək ki, "Sabah" - "Petrokub" qarşılaşması iyulun 31-də "Bank Respublika Arena"da baş tutacaq və saat 20:00-da start götürəcək.