"Hazırlıq prosesinə ayın əvvəlindən başlamışıq. Oyunçuların fiziki və psixoloji durumları ilə maraqlanmışıq". Bu sözləri Sport24.az-a "Araz-Naxçıvan" futzal klubunun vitse-prezidenti Mahmud Sadıqov deyib.

 

Funksioner UEFA Çempionlar Liqasının əsas mərhələsindəki şansları barədə danışıb:

 

"Fiziki hazırlıq üzrə məşqçimiz daim oyunçularla işləyir. Baş məşqçi, bəzən də mən özüm psixoloji durumları ilə maraqlanırıq. Onların işlərinin qaydasına düşməsi üçün çalışırıq. Hələlik hər şey qaydasındadır. Oktyabrın 29-da ilk oyunumuzu keçirəcəyik. Ev sahibi "Yunayted Qalati" (Rumıniya) ilə üz-üzə gələcəyik".

 

Klub rəsmisi rəqibləri analiz etdiklərini söyləyib:

 

"Rəqiblərimizi analiz etmişik. Hamısı bizim gücümüzə yaxın olan kollektivlərdir. Bəzilərinin bir az üstünlükləri ola bilər. Təsadüf deyil ki, reytinqdə də bizdən yuxarıdadırlar. Amma mən öz komandama hər zaman inanmışam. İndi də inanıram. Bilirəm ki, əllərindən gələni edəcəklər. Qarşılarına qoyulan məqsədə çatmaq üçün çalışacaqlar. Məqsədimiz qrup lideri olmaqdır. Hamımız birlikdə bu hədəfə yönəlmişik. Buna nail olacağımıza da inanıram. Fiziki durumun yüksək səviyyədə olması üçün nə lazımdırsa, edirik".

 

Qeyd edək ki, "Araz-Naxçıvan" VII qrupda Rumıniyanın "Yunayted Qalati", Lüksemburqun "Differdanje 03" və Niderlandın "Tigers Roermond" klubu ilə üz-üzə gələcək.