Premyer Liqamızda cari mövsümdə ən rəng qatan komandalardan birinin "Araz-Naxçıvan" olduğunu desək, yanılmarıq. Muxtar Respublika təmsilçisində Region Liqasından, I Diviziondan çıxış edən təcrübəli yarımmüdafiəçi Vadim Abdullayev Sport24.az-a müsahibəsində bir sıra mətləblərdən söz açıb. 28 yaşlı futbolçu əvvəlcə zədəsi haqda danışıb.

- Son turda "Neftçi"ylə matçda aldığım zədə şükür Allaha ki, ciddi olmadı. Həmin epizodda həqiqətən ayağımdan xəsarət almışdım. Xarakterimə bələd olanlar bilir ki, psixologiyamda simulyasiya anlayışı yoxdu - nəticədən asılı olmayaraq. Hələ "Bakı"da oynadığım vaxtda dizimdəki yan bağlarımdan əməliyyat olunmuşdum. Həmin yer pis burxuldu. Onsuz da neçə vaxtdı ağrıyırdı, məşqlərdə ayağımı sarıyırdım. Hətta bir ara elə oldu ki, heç ayağım qatlanmırdı, düz-əməlli gəzə bilmirdim.

- Sizdən həm heyət, həm də büdcə baxımından qat-qat üstün olan "Neftçi" üzərində qələbəniz nə dərəcədə motivasiya verir?

- Büdcələr fərqlidi - bu, heç kəsə sirr deyil. "Neftçi"nin elə adı bəs edir, insanlar dərhal bilirlər ki, hansı klubdan söhbət gedir. Adrian Mutu bildirib ki, rəqib tam müdafiə olundu, qol vəziyyətləri yox idi. Yəqin ki, oyuna baxan tək özü olmayıb. Biz meydanda olanlar, kənardan matçı izləyənlər gördülər ki, kifayət qədər qol imkanımız oldu. Arxada oturmurduq, futbol anlayımızda bu, yox idi. Onlardan çəkinəsi kollektiv də deyilik. Bəli, "Neftçi"yə hörmət edirik, keyfiyyətli futbolçuları var. Amma onunla matça 1 xal üçün çıxmamışdıq. 

- Qarşıdan isə son 3 matçda qələbələri sıralayan "Səbail"lə səfər görüşünüz gəlir. Özü də ilk dəfə sintetik örtüklü meydançada oynayacaqsınız...

- Bu, bizim üçün yeni sınaq olacaq. "Araz-Naxçıvan" hər oyuna qələbə üçü çıxacaq. Kimdənsə çəkinəcəyimiz yoxdu. Rəqibləri də görürsünüz, hamı hamıdan xal ala bilir. Bu dəqiqə hamı futbol oynamağı bacarır. Hazırda bir komandanın digərindən çox üstünlüyü yoxdu. Adlar bu dəqiqə önəmli deyil. Kim çox çalışır, kim qələbəni çox istəyir, Allah da ona verir. 

- Gözləmək olardı ki, "Araz-Naxçıvan" 9 illik fasilədən sora Premyer Liqaya qayıdaraq turnir cədvəlində aşağılarda qərarlaşacaq. Amma yuxarı pillələrdəsiniz. I Divizionda gələn futbolçu kimi belə uğurlu startı nəylə əlaqələndirərdin? Komandanızın əsas gücü nədədi?

- "Araz Naxçıvan" kiməsə yem olmayacaq. Kimsə fikirləşməsin ki, bizim komandanı gəlib asan udacaq. Artıq hər şey göz qabağındadı, bizə hörmətlə yanaşırlar. Bizdə o keyfiyyət, potensial, xarakter var. Hamıdan gec yığışsaq da, üstün cəhətimiz odur ki, həqiqətən kollektivdə möhkəm birlik var. Bir-birimizə görə hamı meydanda vuruşur, qaçır, işləyir. Hamı çalışır komandaya maksimal fayda versin. Gözəl, mehriban kollektivimiz var. Özümlə bağlı onu deyim ki, heç vaxt axırıncı pillədə olmağı düşünməmişəm. Ambisiyalı, motivasiyalı insanam və hədəfim həmişə yüksək pilllələrdə olmaqdı. Nəticəni zaman göstərəcək, amma əsas odur ki, bunun üçün maksimal çalışırıq.

- Çoxları belə düşünür ki, komadanızda yerli oyunçu kontingenti digərləriylə müqayisədə ən zəiflərdəndi. Bəli, vaxtilə ididalı klublarda çıxış etmisiniz, amma sonralar kölgədə qalmısınız. Yeri oyunçu kontingentinizi necə dəyərləndirərdin? Legionerlərinizdən nə dərəcədə faydala bilirsiniz?

- Hər kəsin bir baxış bucağı var və ona da heç nə deyə bilməzsən. Mənim də bəyəndiyim və bəyənmədyim kimlərsə ola bilər - normaldı belə şeylər. Qiymət verməyi isə futbolu izləyən mütəxəssislərin öhdəsinə buraxıram. Hər halda, özümüz haqda kifayət qədər söz dedizdirmişik. Bundan sonra ancaq irəli baxmaq lazımdı. Komandada yerlilərin içində ən təcrübəli futbolçulardanam. Hamımız yaşdan asılı olmayaraq hər gün nəsə öyrənirik. İdmanda pik nöqtə olmur. Daim nəsə inkişaf edirsən, artırırsan. Legionerlərimiz də yaxşıdı. Əslində, pis demək də etikaya uyğun deyil. Hər şeyi kənarda görürlər, qiymət verirlər. Kim nə düşünürsə, özü üçün düşünür. Qoy, düşüncələrində olsunlar. Biz sürətlə gəlirik.

- Bu sürətli gəlişdə komandanızın məqsədi nə olacaq? Rəhbərlik qarşısına nə məqsəd qoyub və siz özünüz real olaraq nə düşünürüsüz? Avrokuboklara düşmək zonası uğrunda mübarizə apara bilərsiniz, yaxud bəlkə ölkə kubokunu hədəfləmisiniz?

- Bəli, sırf bizə məqsəd qoyublar ki, Konfrans Liqasına düşmək uğrunda mübarizə aparaq. Bizdə o potensial da var.  "Araz-Naxçıvan" ambisiyalı komandadı. İlk ilimizdə avrokuboklara düşsək, gözəl olar. Potensial varsa, niyə də olmasın? İnanıram ki, bunun üçün sonadək çalışacağıq. Onsuz da hamı, bu məqsədi dilə gətirməyənlər də Avropaya çıxmaq üçün səy göstərir (gülür).

- Hələ ki Naxçıvandan kənarda çıxış edirsiniz. Sən də orda oynamısan. Bəli, Naxçıvan azarkeş baxımında sizə üstünlük verəcək, gücünüzə güc qatacaq. Bəs, hazırda paytaxtda, əyləncəsi çox olan şəhərdə yaşayan legionerlərinizə Muxtar Respublikada məskunlaşmaq darıxdırıcı gəlməz və ən əsası, bu amil komandanızın çıxışına mənfi təsir göstərməz ki?

- Naxçıvanda 1 il oynadım. Əvvəla, çox gözəl şəhərdi. Qalmaq üçün ümumiyyətlə, çox əlverişli yerdi. Legionerlər gəlsə, yaxşı olacaq onlara. Şəhər inkişaf edib, mərkəzi çox gözəldi. Stadion da münasib yerdədi. Naxçıvanda şərait hərtərəfli yaxşıdı - istər tək, istərsə də ailəylə. Doğma meydan amili dəstək, nəticə baxımından bizə yüzfaiz çox rahat olar. Onsuz da futbol azarkeşlərə görə oynalılır. Burda ev sahibi olsaq da, bu, heç hiss olunmur. "Dalğa Arena"da hamı ev matçı oynaya bilər, hamı üçün eynidi. Naxçıvanda oynasaydıq isə çox böyük üstünlük, bütün rəqiblər üçün orda xal almaq çox çətin məsələ olacaqdı. Böyük ümidlərlə arzu edirəm ki, komandamız Naxçıvana köçər, azarkeşlərimizi orda sevindirərik. Çünki onlar futbolun bəzəyidi, onlarsız oyunun ləzzəti, ajiotajı yoxdu. Həm də onlar bizi çox gözləyir. Naxçıvan xalqı da çox istəyir ki, orda çıxış edək. Onlar da buna layiqdi. Böyük, gözəl də stadionumuz var. İnanıram ki, hər oyunumuza 5-6 min azarkeş gələr. 

- "Neftçi" də daxil olmaqla bir sıra iddialı klublar üzərində qələbə sevinci yaşamısan. Baxırsan ki, məğlub futbolçular stadionu bahalı avtomobillərdə tərk edir, sən isə ictimai nəqliyyata, metroya özünü çatdırırsan. Yəni, gənc yaşlarında "Bakı", "Qəbələ" kimi iddialı klublarda oynamış Vadim Abdullayev karyerasının uğurlu alınmadığına görə hansı səhvləri özündə görür, hansı peşmanlıqları var?

- Bilənlər bilir ki, burdan çıxıb getmişdim, Rusiyada neçə il qaldım. Futbolda o qədər şeylər başıma gəlmişdi ki, ondan soyumuşdum. Özümü lazımsız hiss elədim deyə ailəmi götürüb Azərbaycandan çıxıb getdim. Sonra da elə oldu ki, qayıdası oldum. Bir sözlə, uzun hekayəm var. Bəli, gənc olanda futbolda səhvlər etmişəm, neçə illər itirmişəm. Futbolda ən böyük səhvim bu olub ki, çox dürüst adam olmuşam. Həmişə emosional olub haqq sözümü demişəm. Bu şeylərə görə mənə hər yerdə problem yaratdılar, məni futboldan iyrəndirdilər. Buna görə başımı götürüb burdan qaçdım. Avtomobilə gəlincə, sürməyi heç vaxt öyrənməmişəm, avtomobil həvəskarı da olmamışam, metro da mənə rahatdı (gülür). Bilirsiniz, bəzən belə şeylər adama nəyisə xatırladır, hardan, necə gəldiyini yadına salır, çox şeylərdən, pis vərdişlərdən uzaqlaşdırır. Normaldı vəziyyətim, tam səmimi deyim ki, heç vaxt da məyusluğum olmayıb, Qoy, belə olsun, belə yaxşıdı. 

 

 

MEHMAN SÜLEYMANOV