16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən ikinci yoxlama oyunundan (2:1) sonra AFFA-nın Mətbuat xidmətinə fikirlərini bildirib. Sport24.az xəbər verir ki, qələbəyə görə futbolçularını təbrik edən mütəxəssis yoxlama matçı olsa da, qalib gəlməyin sevindirici hal olduğunu söyləyib:

 

"İlk növbədə komandamı qələbə münasibətilə təbrik edirəm. Moldova ilə ilk matçı iki gün əvvəl keçirmişdik. Bir günlük fasilədən sonra yenidən oynamaq çətindir. Futbolçunun bərpası çox önəmlidir. Orqanizmdən asılı olaraq 48 saata da bərpa olan futbolçu var, 72 saata da. Bunları nəzərə alaraq heyətdə bəzi dəyişikliklər etmişdik. Meydanda dominant futbol oynadıq, çoxlu qol epizodları yaratdıq".

 

O, narahat olduğu məqamı da açıqlayıb:

"Hər iki görüşdə əldə etdiyimiz yüz faizlik epizodları dəyərləndirə bilmədik və sadə vəziyyətlərdən qollar buraxdıq. Bunların üzərində çox çalışmaq lazımdır. Bu kollektivdən bir neçə futbolçunu U-17 millisinə də dəvət edirik. Təlim-məşq toplanışlarının və beynəlxalq oyunların sayını artıra bilsək, bu futbolçularla çox şeyə nail olarıq. İnanıram ki, ölkəmizdə təşkil olunacaq MDB Oyunlarında və U-17 millimizlə seçmə mərhələ matçlarında yaxşı nəticələr əldə edəcəyik".

 

Baş məşqçi yığmanın 3:2 hesablı qələbə qazandığı ilk oyunla müqayisədə ikinci qarşılaşmanı daha yaxşı keçirdiyini söyləyib:

 

"Birinci oyunu təhlil etdiyimiz zaman gözə çarpan boşluqları aradan qaldırdıq. Budəfəki matçda topa daha çox sahib olduq, kifayət qədər qol vəziyyətləri yaratdıq. Baxımlı oyunun da nəticəsi olaraq qələbə qazandıq. Uğurlu nəticələrin davamının gələcəyinə inanıram".

 

Nəbiyev sentyabr-oktyabrda Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında U-16 millimizin uğurlu nəticə qazanacağına inandığını vurğulayıb:

 

"Rəqiblərimizi bildikdən sonra onlar barədə ətraflı məlumat toplayacaq, təhlil edəcəyik. Komandamız MDB Oyunlarında da uğurlu nəticələr qazanacaq potensiala malikdir. Sadəcə, uşaqlara güvənməliyik. Hər dəfə dediyim kimi, Azərbaycanda yetərincə perspektivli futbolçu var. Uşaqları düzgün istiqamətləndirmək və onlara inanmaq lazımdır".