Dünən keçirilən  "Qarabağ" - "Sabah" matçından sonra "süvarilər"in qolkiperi Andrey Lunyov Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.  


- Matç barədə danışardın...
- Təbii ki, qarşılaşmanın nəticəsi bizim üçün arzu olunan deyil. Yetəri qədər qol imkanlarımız oldu. Amma cəmi 3-nü qola çevirə bildik. Məğlub ola, qalib də gələ bilərdik. Amma biz həmişə zəfər arzusundayıq.

 

- Bu gün rəqibin heyətində Tellur Mütəllimov 2 dəfə səni məyus etdi. Onun birinci qolu ofsayt  kimi dəyərləndirilsə də, oyunun sonlarında istəyinə çataraq baxımlı qolun müəllifi oldu. Necə düşünürsən o topları çıxarmaq olardı?
- Məncə ofsayt kimi dəyərləndirilən qolu çıxarmaq olardı, sadəcə, bir neçə saniyə gec reaksiya verdim. Amma rəqibin 3-cü qoluna gəlincə, epizoda baxmaq, mövqeləri analiz etmək lazımdı.


- Rusiya Premyer Liqasında çıxış etmisən, Almaniyada legioner həyatı yaşamısan. Azərbaycanda da ən yaxşı "əlcək sahib"lərindən hesab olunursan. Necə düşünürsən, Luka Quqeşaşvili və Amin Ramazanov nə vaxtsa "Qarabağ"ın "1 nömrə"si ola biləcəklər?  
- Onların hər biri yaxşı qapıçılardı. Məşqlərdə də özlərini yaxşı tərəfdən göstərirlər. Həm Lukanın, həm də Aminin futbol həyatı qarşıdadı.


- Azərbaycanlı qolkiperlərdən kimlərin oyununu bəyənirsən?  
- Açığı, kiminsə oyununu yaxından izləməmişəm. Ona görə də nəsə deyə bilməyəcəm. Amma bu gün "Sabah"dakı həmkarımın oyunu xoşuma gəldi. O, bir neçə dəfə gözəl seyvlə diqqətimi çəkdi.


- Qarşıda sizi Avropa Liqasında ağır "Braqa" səfəri gözləyir. Portuqaliya təmsilçisiylə oyundan nəyə ümid edirsiz?
- Həqiqətən də biz çox çətin "Braqa" səfəri gözləyir. Buna rəğmən Portuqaliyada əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Ümid edirəm ki, Bakıya sərfəli nəticəylə gələcəyik.


- Bir az da Rusiya yığmasından danışaq. Şimal qonşumuz Ukraynada Xüsusi Hərbi Əməliyyatlar apardığına görə, millisi qitəmiqyaslı yarışlardan uzaqlaşdırılıb. Bu qərara münasibətin ?
- Təbii ki, beynalxalq futbol qurumlarının Rusiya millisiylə bağlı dediyiniz qərarı düzgün hesab etmirəm. Nəinki futbol, bütün idman növləri siyasətdən uzaq tutulmalıdı. Tək Rusiyanın yox, bütün ölkələrin komandalarına qarşı bu cür məhdudiyyətlərin qoyulmasını pisləyirəm. İnanıram ki, müharibə tezliklə bitəcək və sülh bərqərar olacaq.


- Necə düşünürsən, məhdudiyyətlər götürülsə Rusiya yığması yenidən Avropada özünü göstərə biləcək?
- Düşünürəm ki, Rusiya daha yaxşı oynacaq.
Çünki yığma futbolçuları qitəmiqyaslı turnirlərə acdı və özlərini göstərmək üçün meydanda bütün potensiallarını qoyacaqlar. Bunda başqa Rusiya premyer-liqasında da hər şey öz axarındadı. Futbolçular komandalarında sabit çıxış edirlər.


- Rusiya millisindən dəvət gözləyirsən?
- Əlbəttə. Hər şey özümdən asılıdı. Rusiya yığmasına dəvət üçün çox çalışmalı və məşqçilər heyətinin diqqətini çəkməliyəm.


- Bir legioner kimi özünü Azərbaycanda necə hiss edirsən?
- Ölkənizdə yaşamaqdan və futbol oynamaqdan məmnunan. Dil problemim də yoxdu. Azərbaycanlılar arasında rus dilində danışa və anlaya bilən çoxdur. Yəni, Azərbaycanda heç bir problemim yoxdu.


- Andrey Lunyov olaraq Azərbaycanda və azərbaycanlılarda nəyi xoşlayırsan?
- Qonaqpərvərliyinizi və mehribanlılığınızı qeyd edə bilərəm.


- Mətbəximizdən ən çox hansı yeməyi bəyənirsən?
- Lənkəranda olanda ləvəngi yemişdim. Dadı hələ də damağımdan getməyib. O, yeməyinizi çox sevdim.

POLAD AZƏR