"Sevindirici haldır ki, Misli Premyer Liqasının ilk turu kifayət qədər gərgin və maraqlı mübarizə şəraitində keçdi. İlk turdan etibarən komandaların böyük motivasiya ilə meydana çıxdığı hiss olunurdu". Bu sözləri Sport24.az-a Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının I turunu dəyərləndirib. O, ilk turdan komandaların və futbolçuların çıxışı ilə bağlı yekun fikir bildirməyin doğru olmadığını vurğulayıb:

"Cəmi bir turun nəticələrinə əsasən hər hansı komanda və ya futbolçu haqqında yekun fikir bildirmək düzgün olmaz. Çempionat uzun marafondur və qarşıda komandaları çoxlu oyunlar gözləyir. Xüsusilə mövsümün əvvəlində futbolçuların tam formada olmaması normaldır. Bəzi oyunçular ölkəmizdə və ya yeni komandalarında ilk matçlarına çıxırlar. Bu səbəbdən müəyyən həyəcan, uyğunlaşma problemi və fiziki çatışmazlıqlar özünü göstərə bilər. Komandaların oyun sistemi, futbolçuların bir-birinə uyğunlaşması və baş məşqçilərin taktiki planlarının tam oturuşması üçün də müəyyən zaman lazımdır. İlk turda diqqət çəkən məqamlardan biri də həm futbolçuların, həm də baş məşqçilərin çempionat üçün darıxdıqlarının hiss olunması idi. Meydandakı mübarizə, qələbə istəyi və emosiyalar bunu açıq şəkildə göstərirdi. Bu da qarşıdakı turlar üçün kifayət qədər maraqlı və rəqabətli çempionat vəd edir. Düşünürəm ki, bu mövsüm bizi yalnız çempionluq və avrokuboklara vəsiqə uğrunda deyil, ümumiyyətlə çempionatda kifayət qədər gərgin mübarizə gözləyir. Avrokuboklara vəsiqə qazanmaq istəyən komandalar hər xalın önəmli olduğunu yaxşı anlayırlar. Eyni zamanda, liqada qalmaq uğrunda mübarizə aparan kollektivlər üçün də hər qarşılaşma böyük əhəmiyyət daşıyacaq".

Qeyd edək ki, Misli Premyer Liqasının ikinci turuna avqustun 22-si start veriləcək.