"Türkiyə yığması Avstraliya ilə oyunda çox zəif təsir bağışladı. Halbuki qardaş ölkənin heyətində orta xətt və cinah oyunçuları kifayət qədər keyfiyyətlidir. Ancaq bu görüşdə onlar demək olar ki, heç nə ilə yadda qalmadılar". Bu sözləri Sport24.az-a açıqlamasında Ağasəlim Mircavadov bildirib.

Təcrübəli mütəxəssis Türkiyə yığmasının Avstraliya ilə oyununu şərh edib:

"Görünürdü ki, rəqib Türkiyə millisinin oyununu çox yaxşı təhlil edib. Avstraliya 5-li müdafiə sistemi ilə cinahları bağlamış, Türkiyənin əsas hücum üstünlüklərini neytrallaşdırmışdı. Üstəlik, onlar çox sürətli və intizamlı futbol nümayiş etdirdilər. Birinci qolda Türkiyə müdafiəçisinin etdiyi səhv məni təəccübləndirdi. Belə səviyyədə çıxış edən futbolçunun bu cür kobud səhvə yol verməsi gözlənilməz idi. İkinci epizodda isə digər mərkəz müdafiəçisinin sürəti çatmadı və komanda yoldaşını vaxtında sığortalaya bilmədi. İlk oyunlarda heç bir komanda məğlub olmaq istəmir. Adətən əsas məqsəd ən azı bir xal qazanmaq olur. Buna nümunə kimi Niderland – Yaponiya matçını göstərmək olar. Yaponlar son dəqiqələrdə hesabı bərabərləşdirərək vacib bir xal əldə etdilər. Bu baxımdan, ilk tur oyunları turnirin sonrakı gedişi ilə bağlı bir çox məqama aydınlıq gətirə bilər. Həm komandaların real gücü, həm də taktiki yanaşmaları məhz bu mərhələdə daha aydın görünməyə başlayır".

Qeyd edək ki, D qrupunda yer alan Türkiyə yığması isə Avstraliya seçməsi ilə qarşılaşıb. Görüş "ay-ulduzlular"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu qrupun ilk oyununda ABŞ millisi Paraqvaya 4:1 hesabı ilə qalib gəlmişdi.