"Neftçi" iki turda xal itirməsə, mövsümü 4-cü pillədə başa vuraraq avrokuboklara vəsiqə qazanacaq. Kubokun finalında "Sabah"a məğlub olan "Zirə"nin yorğunluğu isə qarşıdakı iki turun nəticələrinə təsir edə bilər". Bu sözləri Sport24.az-a Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasında 4-cü pillə uğrunda gedən mübarizəni dəyərləndirib:
"Zirə"nin bərpa olunması üçün vaxt azdır və əsas futbolçuların xarakter ortaya qoyması vacibdir. Bu turda "Sabah" ilə "Neftçi" qarşılaşacaq. Masazır təmsilçisi artıq öz hədəfinə çatıb. Baş məşqçi Valdas Dambrauskas mövsüm ərzində az şans qazanan futbolçuları meydana buraxa bilər. Bununla belə, yekun qərar yenə də baş məşqçiyə məxsusdur. Çempionluq və Azərbaycan Kubokunu qazanmaq böyük uğurdur. İndi əsas məsələ formalaşmış imici qoruyub saxlamaqdır. "Neftçi" son oyunlarda istəkli futbol nümayiş etdirir. Hiss olunur ki, komanda daxilində ab-hava normaldır. Bu amil isə avrokubok oyunlarında xüsusi əhəmiyyət daşıyır. Klubun zəngin tarixi var və potensialı hər zaman çempionluq uğrunda mübarizə aparmağa imkan verir. Azərbaycan futbolunun inkişafı üçün isə yalnız 2-3 deyil, 6-7 komandanın çempionluq yarışında olması vacibdir. Təxminən 14-15 il əvvəl olduğu kimi rəqabət artarsa, futbolumuzun səviyyəsi də yüksələr".
Qeyd edək ki, hazırda "Neftçi" 4-cü pilləni tutur və çempionatın bitməsinə 2 tur qalmış 5-ci yerdəki "Zirə"ni 3 xal qabaqlayır. Çempionatı 4-cü yerdə tamamlayan komanda yeni mövsümdə UEFA Konfrans Liqasına qatılacaq (1-ci mərhələdən). "Zirə"nin KL-ə getmək şansı hələ də qalmaqdadır.