"Neftçi" son dəfə Mərdəkana 29 ay əvvəl səfər etmişdi. Onda Samir Abasovun baş məşqçisi olduğu "ağ-qaralar" 2020/21 mövsümünün son turunda "Dalğa Arena"da "Qarabağ"la çempionluq matçında son dəqiqədə vurduğu qolla qələbəni qoparmış və bununla da 8 illik çempionluq həsrətinə son qoymuşdu. 

Bu dəfə Rumıniya futbolunun canlı əfsanələrindən olan Adrian Mutu "Neftçi"ni dəniz kənarındakı stadiona gətirmişdi. Rəqib də 9 illik fasilədən sonra Premyer Liqaya qayıdan "Araz-Naxçıvan" idi. Çempionluq matçında "Neftçi" nominal meydan sahibi idisə, bu dəfə Naxçıvan təmsilçisi həmin statusda idi. Mutu ardıcıl 2 matçdı qələbələri sıralayırdı və bəlkə də görüşdən əvvəl düşünürdü ki, bu seriyanı rahatlıqla davam etdirəcək. Amma azərbaycanlı həmkarı Azər Bağırov növbəti dəfə sübut etdi ki, komadasıyla hələ çox iddialılara, çempionatın əsas favoritlərinə əsl başağrısı olacaq. 

Mutu matçdan sonra bildirdi ki, rəqib 10 nəfərlə müdafiə olunursa, nə qədər qol epizodu yarada bilərik? Bu, qətiyyən o anlama gəlməməlidi ki, naxçıvanlılar 90 dəqiqə "avtobus" quraraq müdafiə olundu. Əslində, Muxtar Respublika təmsilçisinin oyunda real qol imkanları daha çox oldu. "Neftçi" topa daha çox sahib olan, hücum edə tərəf edən olsa da, hücum xətti "dişsiz", oyunu da sönük idi. Forvard kimi artıq çəkili Aaron Olanarenin ümidinə qalan "ağ-qaralar" nə ondan bir fayda gördü, nə də onun yerinə meydana daxil argentinalı yeni transfer Lukas Melanodan. Rusiya Premyer Liqasında uzun illər çıxış etmiş Reziuan Mirzov də debütündə xüsusi bir şeylə yadda qalmadı.

Mutu bu dəfə müdafiənin mərkəzində dəyişiklik edərək Mark Tamaşı ehtiyatda oturtmuşdu. Bu da legioner limitiylə bağlı idi ki, o üzdən sol cinah müdafiəçisi Azər Salahlı Yuri Matiasla birgə müdafiənin mərkəzində duet təşkil edirdi. 4-cü yerli futbolçu isə milliləşdirilən xorvatiyalı Filip Ozobiç idi ki, o, matça yarımmüdafiənin mərkəzində yox, sağında başladı. İkici hissədə isə Ozobiç mərkəzə çəkildi. Çünki Qara Qarayev zədələndiyindən fasilədə əvəzləməli oldu. 

Millimizin oyunlarından sonra Premyer Liqa matçını qəbul edən "Dalğa Arena"nın son 1 ayda yüklənməsi meydançanın vəziyyətindən görünürdü. Hər halda, qazon ağır, kələ-kötür idi ki, bu, futbolçuların oyununa təsir göstərirdi. "Araz-Naxçıvan" güc futbolunda da rəqibindən geri qalmırdı. Komandanın mərkəz hücumçusu Orxan Əliyev isə "Neftçi"dəki həmkarlarından fərqli əsl forvard kimi komandasına faydalı oldu. Onun qapıya zərbələri hər zaman təhlükəli alınırdı. Daha rəqibləri kimi tribunalara göndərilən zərbələr deyildi. İlk hissənin sonunda məhz Orxanın zərbəsi çox təhlükəli alındı ki, top dirəyin lap yanında keçdi. 

Bağırov Mutunu əvəzetmələrdə də üstələdi. Belə ki, onun meydana buraxdığı İsmail Azzauylə Bayraməli Qurbanov oyuna yaxşı qoşuldular. Azzau qələbə topunda yaxında iştiark etdi. Belə ki, 80-ci dəqiqədə böyük qüvvəylə hücuma atılan "Neftçi" rəqibin sürətli əks-hücumunu buraxdı. Bu zaman qonaqların sağ cinah müdafiəçisi Ervin Koffi ofsaydı pozmaqla kobud xətaya yol verdi. "Neftçi"nin qapıçısı İvan Brkiç İsmailin qarşısını penalti etməklə kəsməli oldu. Əliyev Gəncədə olduğu kimi, 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirdi və bu, onun cari çempionatda 3-cü qolu oldu. Taleyin işinə bax, "Neftçi" çempionluq qolunu vurduğu qapıdan bu dəfə onu məğlubiyyəti düçar edən topu tordan çıxarmalı oldu.

"Neftçi" əlavə vaxtı da nəzərə alsaq, son 8 dəqiqədə say üstünlüyü qazandı. Çünki rəqibin sağ cinah müdafiəçisi Mohammed Kadiri Mirzova qarşı kobudluğa görə 2-ci sarı vərəqəni aldı və komandasını azlıqda qoydu. Amma "Araz-Naxçıvan" bu zaman da duruş gətirə bildi.

Beləliklə, İnqilab Məmmədovun final fiti Mutunun Premyer Liqamızda 2-ci məğlubiyyətini rəsmiləşdirdi. Azərbaycanlı həmkarına yaxınlaşıb onu təbrik etməyi də lazım bilməyən 44 yaşlı rumıniyalı mütəxəssis futbolçular "Forza Neftçi"yə tərəf gedərkən meydanın ortasında boynu bükük durdu. Azarkeşlər də aqressiv şəkildə futbolçulara narazılıqlarını bildirərək, geydiklərini formanın məsuliyyətini dərk etmələrini xatırlatdılar. 

Bəli, "Araz-Naxçıvan" "Neftçi"i məğlub edərək onu turnir cədvəlində keçdi və 3-cü pillədə qərarlaşıb. Təbii ki, bugünkü oyunlardan sonra yerdəyişmələr olacaq. İstənilən halda, Azər Bağırovun komandası 6 tura əsasən artıq "boynundan yuxarı tullanıb". "Neftçi"də isə ehtiyat oyunçular skamyası qısalığı problemi artıq yoxdu. Sadəcə, kəmiyyət-keyfiyyət söhbəti var ki, "ağ-qaralar" bu planda hələ də "axsayır".

 

 

 MEHMAN SÜLEYMANOV