"Qarabağ"ın U-19 komandası tarixində ikinci dəfə UEFA Gənclər Liqasının əsas mərhələsində çıxış edəcək. İlk təcrübədə də mən komandanın yanında olmuşam. Həmin vaxt baş məşqçi Rəşad Sadıqov idi". Bu sözləri Sport24.az-a "Qarabağ" klubunun akademiyasının rəhbəri Aftandil Hacıyev deyib.

O, UEFA Gənclər Liqasındakı hədəfləri barədə fikirlərini bölüşüb:

"Daha əvvəl bu turnirdə iştirak etmişik. Bu yarışlar gənclər və məşqçilər üçün böyük təcrübə olur. Nadir hallarda belə komandalarla üz-üzə gəlirik".

Hacıyev hazırlıqlar barədə də danışıb:

"Hazırlığa başlamışıq. Hətta pley-off mərhələsində "Ferentsvaroş"la ilk qarşılaşmadan sonra ümidlərimiz çox idi. İnamımız böyümüşdü. Hazırlıqlar planlı şəkildə davam edir. Komandamızda həmin yaş qrupu ötən mövsümü üçüncü pillədə başa vurub. Bu yaş qrupunda çatışmayan mövqelərimiz var. Digər qruplarda seçimlərimiz böyükdür. Yəqin ki, onlardan da istifadə edəcəyik. Daha gənc oyunçuları da iştirak ərizəsinə daxil edəcəyik".

Akademiyanın rəhbəri heyətə legioner cəlb etmək ehtimalına da toxunub:

"Bəzi mövqelər üçün əcnəbi futbolçulardan istifadə edə bilərik. Bu da reqlamentdə var. Akademiyadan olmayan altı oyunçu sirafiş oluna bilər. Transfer çalışmaları davam edir. Çətinliklərimiz var. 18 yaşlı oyunçunu ölkədən ölkəyə keçirtmək asanlıqla başa gəlmir. Afrikadan bir neçə futbolçu istəyirik. Onların sənədləşmə prosesləri uzun çəkir. Bəlkə də ilk tur "Benfika" ilə səfər qarşılaşmasında istədiyimiz oyunçuları heyətə cəlb edə bilmədik. Daha çox öz oyunçularımızdan istifadə edə bilərik. Amma bacardıqca tez gətirməyə çalışacağıq. Əsas komanda 8, biz isə 6 matç keçirəcəyik. Son iki görüşü oynamayacağıq. Digər komandalarla qarşılaşacağıq"

Hacıyev heç bir rəqib haqqında məlumatlarının olmadığını deyib.

"Düşündüyümüz "Benfika" ilə ilk matçdır. Təqvimi iki gün əvvəl gördük. Bu yaşda olan komandalar haqqında məlumat əldə etmək çətindir. Bəzi ölkələrdə isə gənclər haqqındq platformalarda informasiya yerləşdirilməyib. Amma yenə də rəqibləri tanımağa çalışacağıq".