I Liqanın 14-cü turunda "Səbail" "Şəfa" ilə heç-heçə etdi - 0:0. Sport24.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Adil Şükürov mətbuat konfransında iştirak etdi.

 

Mütəxəssis qarşılaşma haqda bunları söylədi:

 

"Liderə qarşı oynayırdıq. Yarışdan qopmamaq lazım idi. Uşaqlara təşəkkür edirəm ki, sona kimi mübarizə apardılar".

 

- İtkiləri nəzərə alsaq, bu gün "Səbail" 1 xal qazandı, yoxsa itirdi?


- Doğru vurğuladınız. Heyətdə çatışmazlıqlar var idi. Bunun da təsiri çox hiss olundu. Ehtiyat oyunçular skamyasına baxanda görürsən ki, nəsə çatmır. Yenə də uşaqlara təşəkkür edirəm.

 

- Hakim təyinatı sizə qəribə gəlmədi?


- Yox. Rəşad təcrübəli hakimdir. Derbilər idarə edən referidir. Oyunu da yaxşı idarə etdi.

 

- Sabah "Mingəçevir"in oyunu var. Bu gün mingəçevirli referi turun əsas matçını idarə etdi...


- Burada qəribə nəsə yoxdur. Bu gün hansısa hakimin başqa fikirdə olduğunu yaxın da buraxmıram. Bəzən olur ki, məşqçilər emosional olur. Amma sonda hakimin dediyi ilə razılaşırıq.

 

- Komandanı Premyer Liqaya qaytaracağınıza inanırsınız?


- Yarışın ortasındayıq. Qarşıda oyunlar var. Çempionat demək olar ki, qarşıdadır. Hər şey ola bilər.


- Gərgin mübarizəli çempionatda sizi narahat edən hansı məqamlar var?


- Zədəli futbolçularımız geri qayıtsa, qayğılarımız bitəcək. Onlar gələndən sonra qələbələri sıralayacağıq.