"İmişli"nin futbolçusu Abbas Ağazadənin Sport24.az-a müsahibəsi.
- "Sabah"a qalib gəldiyiniz oyun barədə fikirlərini bölüşərdin...
- Komandamız adına çox yaxşı oyun alındı. Bu, bizim üçün vacib bir qələbə idi. Həm ilk qol, həm də ilk qələbə kimi tarixi əhəmiyyət daşıyır. Komandaya müsbət ruh və əlavə motivasiya qazandırdı.
- Sabiq komandana qol vurdun. Hansı hissləri keçirdin?
- "Sabah"a qol vurduğum üçün yox, komanda olaraq qələbə qazandığımız üçün daha çox sevindim. Mənim üçün əsas məsələ komandanın uğurudur.
- 3 oyun, 4 xal. Nəticə sizi razı salır?
- Oyunla bağlı ümumi performansımız qənaətbəxş idi, amma düşünürəm ki, biz daha yaxşısına qadirik. Bunun üçün çalışırıq və üzərimizdə işləməyə davam edirik.
- Necə düşünürsün, millinin oyunlarına görə yaranan fasilə komanda üçün faydalı olacaq?
- Qarşıdakı fasilənin faydalı olacağına inanıram. Bu müddət ərzində növbəti oyuna daha yaxşı hazırlaşmaq və üzərimizdə işləmək üçün imkanımız olacaq.
- Fasilədən sonra ilk rəqibiniz "Sumqayıt"dır. Gözləntilərin?
- Növbəti turda bizi gərgin bir qarşılaşma gözləyir. "Sumqayıt" güclü rəqibdir və çempionata yaxşı start verib. Amma biz də ən yaxşı şəkildə hazırlaşaraq meydanda əlimizdən gələni edəcəyik.