5-də 5 etdik. Bəli, futbol üzrə milli komandamızdan bəhs edirəm. Həmin milli ki, ilə necə başlamışdı, necə başa vurdu.

Düz 10 matç keçirdik başa çatmaqda olan 2022-ci ildə. Və ən vacibi, ilk beşində bir qələbəmiz belə yox idi, yeri gəlsə, heç oyun da. Martdakı Malta toplanışını xatırlayaq. Onunla başladıq təqvim ilinə - həmin milliyə və orda hazırlıq keçən Latviya yığmasına 0:1 hesabıyla yenildik. Artıq həmin vaxtdan narahatlıq yarandı, çünki az sonra qarşıda ciddi, artıq rəsmi sınaqlar gəlirdi - UEFA Millətlər Liqasında 3-cü mövsümümüz. Hər 3-də yığmamızın başında olan italiyalı Canni de Byaziylə Qazaxıstanla Astanada layiq olmadığımız məğlubiyyəti aldıq. Hər halda, qola qədər bir qapıya futbol oynadıq, qolu necə vurmaq lazım olduğunu isə təəssüf ki, rəqib bizə göstərdi - 0:2. Növbəti sınaq səfərdə, bu dəfə Belarusun məlum səbəblərdən rəqiblərini qonaq etdiyi Serbiyada oldu. İlk "5-lik"də uduzmadığımız tək matç da məhz bu idi - 0:0. Amma yekunda qrupumuzda sonuncu olan bu yığmayla heç-heçə oynamalı yox, qalib gəlməli idik. Nəhayət, ekvator xəttinə çatan Slovakiyayla "Dalğa Arena"dakı görüşdə 1 xala yaxın olduğumuz vaxtda, sona yaxın buraxdığımız qol bizi məğlubiyyətə düçar etdi - 0:1. 

Və məhz bundan sonra millimiz sanki oyandı, "ikinci nəfəs"i açıldı və rəqiblərini hamısını məğlub etdi. Bunu rəqibləri üçün motivasiyasız matçlar kimi qələmə verilsə də, istənilən halda, qələbə qələbədi və onu qazanmaq üçün əziyyət çəkənlərin haqqına girmək olmaz. 

Millimizin on 2 matç yoldaşlıq görüşü, özü də səfərdə idi. Moldova yığması səviyyəcə aşağı olduğu halda, onu böyükhesablı məğlub etməli idik. Amma 2-ci hissədə ilk hissədəki kimi yaxşı oynamadıq, sonda qapımızda top gördük və yekunda yalnız 2:1 hesablı qələbə qazandıq.

Amma Şimali Makedoniya ilə Skopyedəki görüş tam fərqli idi. Təkcə Kişinyovdakı yox, hesab edirəm ki, əvvəlki 3 matçdan da. Çünki rəqib də yetərincə yaxşı, İtaliyanı DÇ-2022-dən kənar qoyan bir yığma idi, heyətində Avropanın yaxşı çempionatlarında, klublarında oynayan futbolçular çoxdu. Biz də bunun qarşılığında 90 dəqiqə çox xoş təsir bağışladıq, yaxşı futbol göstərdik. Həm də əzmkarlıq. Axı, rəqibdən geri qaldığımız, hətta üstün olduğumuz matçın gedişində qapımıza qolu özümüz də gətirdik. Həmin penalti epizoduna, daha doğrusu, ona səbəbkar olan Aleksey İsayevə diqqət yetirək. Məhz onun səliqəsiz oyunu nəticəsində qapımıza 11 metrlik cərimə zərbəsi təyin olundu. Moldovalılara qarşı yaxşı oynamış, millidə qol hesabını da açmış İsayevin penalti etməsina ona fokuslanırıq ki, artıq 2-ci dəfədi buna baiskar olur. Unutmayaq ki, Aleksey Slovakiya ilə səfər matçında uzatma dəqiqələrində cərimə meydannı daxilində də qayda pozuntusuna yol vermişdi. Deməli, həm de Byazi, həm də klubundakı baş məşqçisi - rusiyalı Murad Musayev futbolçuyla bu haqda söhbəti etməlidi. Çünki göründüyü kimi, bu, İsayevdə artıq davamlı olur. 

Nə yaxşı ki, bu planlaşdırılmayan sadə qolun əvəzini çıxa bildik. Özü də fasiləyədək, yaxşı kombinasiya nəticəsində. Ümumiyyətlə, bütün qollarımız belə, baxımlı alındı. Burda isə "Neftçi"nin futbolçularının assist etmələri, əzəli rəqibləri olan "Qarabağ"ın oyunçularının bunları qola çevirmələri çəkir. Emin Mahmudov gənclərə - sol cinah müdafiəçisi Elvin Cəfərquliyevlə hücumçu Musa Qurbanlı millidə qol hesablarını açmalarına şərait yaratdı. Elvin işlək olmayan sağ ayaqla, Musa isə yaxşı oynadığı başla fərqləndi. Maraqlı təsadüfə bax, Musanın ilk qolunu vurduğu 20 noyabr tarixində atası Qurban Qurbanov millidə baş məşqçisi kimi son matçını keçirərək ağır zərbə almışdı - UEFA Millət Liqasında Kosovoya Priştinada 0:4. Mahmudov əvəzlənəndən sonra kapitan sarğısı Şeydayevə keçdi və yenicə meydana çıxan Azər Salahlı Ramilin də başla qol vurmasına imkan yaratdı.

Bəli, hesab 1:1 olanda rəqib qırmızı vərəqəyə görə azlıqda qaldı və say üstünlüyündən istifadə edərək hesabda irəli keçdik. Amma bu, o demək deyil ki, albaniyalı hakimin bizə simpastiyası vardı. Əksinə, onun mübahisəli qərarları yetərincə idi. Qapımıza penalti aşkar qayda pozuntusu deyildi. Alban referi sonradan millimizin də bir futbolçusunu meydandan çıxardı. Halbuki, sağ cinah müdafiəçimiz Höccət Haqverdiyə qayda pozuntusu birbaşa qırmızı yox, sadəcə, sarı vərəqəlik idi. Onu unutmayaq ki, hakim Şimali Makedoniyaya yaxın ölkənin nümayəndəsi idi və meydan sahiblərinin oyunçusuna qırmızı vərəqə verdiyindən, əvəzini çıxmağa çalışdı. 

Millimizdə qapıçı məsələsinə yenidən qayıdaq. De Byazi sonadək inadkarlıq göstərərək "çərçidə"də dəyişiklik etmədi, digər qapıçıları səfərə turist kimi apardı. Halbuki, Şahrudin Məhəmmədəliyevdən boyca hündür olan Emil Balayevlə Səlahət Ağayevi də heç olmasa yoldaşlıq görüşlərində iş başında görmək olardı. Boy məsələsini əbəs yerə vurğulamadıq. çünki artıq neçənci matçdı ki, rəqibi futbolçularının zərbələrini qapı tirinə tuş gəlir və bu zamanı "Şah"ı topa toxunmağa sadəcə, boyu çatmır. Nəzərə alaq ki, onun boyu yalnız 1,85 mertdi. 

Bir az millimizdə qolçuluq haqda. Nəhayət, bombardir Qurban Qurbanovun 14 qolluq rekorduna çatmağa. qırmağa real namizədlər görünür. Bu, millimizin liderlərinə çevrilən, Rusiya futbol məktəbinin yetirmələri olan Emin Mahmudovla Ramil Şeydayevdi. Artıq Qurban müəlimin oğlu Musa da qol hesabını açdı və gələcək üçün bombardirliyə potensial namizəddi. Millidə qol vuran ilk ata-oğulun Qurbanovlar olması onlara əlavə başucalığı gətirir. 

Əlbəttə, Azərbaycan millisinin yeni ildə yeni sınaqları daha çətin olacaq. Bizi Belçika. Avstriya, İsveç kimi yığmalarla ağır oyunlar gözləyir. Amma həmin vaxtadək yaxşı formada olmağımız, qələbə ruhunu qorumağımız, həmin görüşlərə bu əhval-ruhiyyədə çıxmağımız çox vacib idi. Hələliksə "ardıcıl 5-ci qələbəmizə yağlı 5 düşür" deyərək, burda son nöqtəni qoyuruq. 

 

 

 

MEHMAN SÜLEYMANOV