Bu gün AFFA Premyer Liqa təmsilçilərinin hər birinin hesabına 15 min manat köçürdü. Səbəb COVİD-19 pandemiyası ilə əlaqədar elitada çıxış edən klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun olaraq müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunması prosesinin dəstəklənməsi və sürətləndirilməsidir.

 

Məlumdur ki, cari mövsümün əvvəlindən Premyer Liqa klubları hər rəsmi oyundan öncə COVİD testi verir. Hər klubda təqribən 30-35 şəxs bu testi verməlidi və yalnız mənfi cavab aldıqdan sonra qarşıdakı matçda meydanda və ya texniki zonada qərarlaşa bilər. Əslində, başqa çıxış yolu da yoxdu. Əks halda klublarda kütləvi yoluxma qaçılmaz olar.

 

Nəzərə alsaq ki, hər testin qiyməti 75-80 manat civarındadır, klublarımız isə indi 2005-2015-ci illərdə olduğu kimi yağ-bal içində bəslənilmirlər, məbləğin əksər kollektivlər üçün olduqca ciddi rəqəmlərlə ölçüldüyünü iddia edə bilərik.

 

Assosiasiya onsuz da əksər komandalara maddi dəstək göstərir, amma bu da var ki, sözügedən testlərin ödənişini klublar edəsi olsaydı, bu, onların büdcəsinə nəzərəçarpacaq təsirini göstərəcəkdi.

 

Bunu da qeyd edək ki, bugünkü vəsait COVİD testlərinə dair ilk belə tranş deyil. Cari mövsüm AFFA daha əvvəl də klublarımıza yardım etmişdi. Cari mövsümdə ölkənin ali futbol qurumu hər kluba 41 min manat olmaqla, ümumilikdə 328 min manat köçürüb.

 

Məsələylə bağlı adlarının açıqlanmasını istəməyən bir sıra klub rəsmisi ilə danışdıqda da aydın oldu ki, Assosiasiyasının bu yardımı onların işlərini xeyli yüngülləşdirib. Çünki büdcələr nəzərəçarpacaq dərəcədə azaldılıb və indiki durumda COVİD məsrəfləri onları böyük ölçüdə çıxılmaz vəziyyətə salacaqdı. Çünki testlərin məsrəfini hansısa formada büdəcədən kəsməli olacaqdılar. Bu da böyük ehtimalla qələbələrə görə nəzərdə tutulan mükafat fondunun azaldılması/kəsilməsi sayəsində baş tutacaqdı. Yekunda daxili narazılıqlar qaçılmaz olacaqdı.

Göründüyü kimi, bəzən ən xırda məişət problemi yekunda qlobal fəsadlara səbəb olur. Bax, elə indi qabartdığımız mövzu da məhz bu qəbildəndir. İlk baxışdan astronomik olmayan vəsait de-fakto, klubdaxili problemlərin yaranmasının qarşısını aldı.