Azərbaycan Premyer Liqasında 3-cü dövrə də arxada qaldı. Bəs qış fasiləsindən sonra elita təmsilçiləri necə çıxış etdi? Hansı komandalar yerlərində saydı, hansılar sıçrayışa nail oldu, hansılar isə tənəzzülə uğradı?


Növbəti çempionluğunu rəsmiləşdirmək üzrə olan "Qarabağ" qış fasiləsinədək orta hesabla 2,27 xal toplayırdısa, indi Qurban Qurbanovun komandasında bu göstərici 2,77-yə bərabərdi. "Süvarilər" 3-cü dövrədə keçirdikləri 9 oyundan yalnız birində xal itirib: "Sabah" çempionla 3:3-lük bərabərliyə nail olub.


"Sabah"dan söz düşmüşkən, paytaxt təmsilçisinin qışa qədər keçirdiyi oyunların xal ortalaması 1,22 idisə, 3-cü dövrədə bu göstərici 2 xala bərabərdi. Elə bunun nəticəsidir ki, ötənilki gümüş mükafatçı yenidən 2-ci pilləni bağrına basıb.


İrəliləyişə nail olanlar sırasında "Turan" da var. Tovuz təmsilçisinin ilk 18 turdakı ortalaması 1,22 idisə, qış fasiləsindən sonra Ayxan Abbasovun komandası bu nəticəni 1,44-dək yüksəldib.


Ən böyük sıçratışa isə "Kəpəz" imza atıb. Autsayderlər sırasında var-gəl edən Gəncə təmsilçisi ilk iki dövrədə 14 xal topladığı halda, qışdan sonra keçirdiyi həmin matçların yarısı qədər görüşdə 13 xal yığıb. Beləcə, Adil Şükürov qışadək 0,77 ortalamayla təsəlli tapırdısa, indi bundan az qala 2 dəfə artığına sevinir - 1,44.


"Neftçi" (1,55 - 1,33), "Sumqayıt (1,5 - 1,33) və "Səbail" (1,44 - 1,22) cüzi tənəzzülə uğrayıblarsa, digər 3 komanda haqda bu sözləri demək olmur. Medallar uğrunda mübarizə aparan "Zirə" (1,61 - 1,11) ortalamada 0,5 xal geriləyib ki, bu, kifayət qədər böyük rəqəmdi. "Araz-Naxçıvan"da bu göstərici daha bərbaddı (1,44 - 0,66). Azər Bağırovun komandası qışdan sonra cəmi bir qələbəyə sevinib ki, mövsümün ilk yarısında barəsində ancaq xoş sözlər deyilən komanda üçün bu, olduqca pis göstəricidi. Ancaq Naxçıvan təmsilçisindən də faciəvi göstəriciyə imza atan var. Söhbət çempionatın şəriksiz autsayderi "Qəbələ"dən (0,77 - 0,22) gedir. Azalma azacıq 0,5 xalın üzərində olsa da, faiz etibarı ilə "qırmızı-qaralar"ın tənəzzülü 350-yə bərabərdi.


Sonda 3-cü dövrədə toplanan xallar üzrə turnir cədvəlini təqdim edirik. Qeyd edək ki, xallar bərabər olduğu təqdirsə, üstünlüyü sözügedən dövrədə qələbə qazanan tərəfə vermişik.


Qarabağ  9 8 1 0  26-9    25
Sabah      9 5 3 1 14-10  18
Kəpəz      9 4 1 4 18-18  13
Turan       9 3 4 2 12-10  13
Sumqayıt 9 3 3 3   7-9    12
Neftçi      9 3 3 3 13-12  12
Səbail      9 3 2 4 13-14  11
Zirə          9 2 4 3    8-8    10
Araz         9 1 3 5    7-17   6
Qəbələ     9 0 2 7    8-19   2