Məqsədimiz 9–16-cı yerlər uğrunda oyunlarda sona qədər mübarizə apararaq mümkün olan ən yaxşı nəticəni göstərmək olacaq. Sport24.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov qızlardan ibarət Azərbaycanın U-18 millisinin Avropa çempionatının B divizionundakı nəticələrini dəyərləndirərkən deyib.

 

Yığmanın bu turnirə ilk dəfə qatıldığını xatırladan ABF rəsmisi əldə olunan nəticələri uğurlu hesab etdiyini söyləyib: "Qrupun birinci qarşılaşmasında Bosniya və Herseqovina üzərində qələbə qazanmaqla ölkə qadın basketbolu tarixində ilkə imza atdıq. Ukrayna ilə matçda isə qızlarımız sona qədər döyüşdülər, lakin yekunda rəqibə məğlub olduq. Bu qrupdan çıxmaq baxımından ən önəmli oyunumuz idi. Növbəti qələbələrimizi isə İslandiya və Kosovo milliləri üzərində qazandıq. Düşünürəm ki, ilk dəfə qatıldığımız Avropa Çempionatının B divizionunda qrup mərhələsini uğurla başa vurduq".

 

Qeyd edək ki, Azərbaycan yığması sonuncu qrup oyununda Kosovo seçməsinə 62:54 hesabı ilə qalib gələrək C qrupunu 3-cü sırada tamamlayıb.