"Sumqayıt" basketbol komandasının amerikalı oyun qurucusu Keon Klerqot klubun mətbuat xidmətinə müsahibə verib. Sport24.az həmin müsahibəni təqdim edir:
- Bu mövsüm iki oyunda 50 xal toplamısınız. Söhbət NTD və "Quba" ilə oyunlardan gedir. Bunu necə bacarırsınız?
- Mən bütün bunları komanda üçün edirəm. Məhsuldarlığım "Sumqayıt"a fayda verirsə, mən də bunu həyata keçirməyə çalışıram.
- Azərbaycan Basketol Liqasında çıxış edən digər amerikalı oyunçular bu qədər xal toplaya bilmir...
- İlk növbədə məşqlər mənə belə məhsuldar oynamağa təkan verir. Hər məşqdə minimum 30 dəfə "3-lüy" atışı ilə yadda qalıram. Bununla yanaşı, orta məsafəli atışları da məşq edirəm. Bu mənim işimi asanlaşdırır. İkincisi də ki, mənim qarşımı kəsmək mümkün deyil!
- Hər oyundan əvvəl rəqibləri təhlil edirsiniz?
- Əlbəttə, bu mənim üçün əsas məqamdır. Mən hər növbəti rəqibimizi diqqətlə incələyirəm. Xüsusilə də onların necə müdafiə olunmasına diqqət yetirirəm.
- Karyeranızın ən məhsuldar oyunlarını burada keçirirsiniz, doğrudur?
- Bəli. Hələ heç bir yerdə mən hər oyunda bu qədər məhsuldar oyun sərgiləyə bilməmişdim. Azərbaycana qədər mənim ən yüksək göstəricim Slovakiyada 36 xal olmuşdu.
- Bu mövsüm komandanın hədəfləri nədir?
- Təbii ki, ən böyük məqsədimiz pley-offa vəsiqə qazanmaqdır. Pley-ini geridə qoyandan sonra mümkün qədər irəliləmək istəyirik.