"Mövsümə elə də yaxşı başlamadıq". Sport24.az xəbər verir ki, bunu "Lənkəran"ın basketbolçusu Orxan Abbasov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, komandasının ilk dövrədəki çıxışını dəyərləndirib: "İlk oyunda doğma meydanda uduzmağımız bizə güclü zərbə oldu. Ondan sonrakı 2 görüşdə qalib gəldik. Bu isə sırf baş məşqçinin işinin, strategiyasının bəhrəsi idi. Son matçlarımızda isə əsas oyunçumuzun komandadan ayrılması və heyətlə bağlı bir neçə problemin olması nəticədə özünü göstərdi. Bu problemlər oyunumuza təsir etdi. Amma məğlubiyyətlərdən sonra komanda bir-birinə daha da möhkəm bağlanıb. Məqsədimiz Lənkəranı ən yaxşı şəkildə təmsil etmək və yeni yaranan klub olsaq da, hər zaman gözəl xatırlanmaqdır".
28 yaşlı Abbasov öz çıxışına da dəyərləndirib: "Yoldaşlıq görüşlərində özümü yaxşı tərəfdən göstərdim. Amma sonra oyunların birində burnum qırıldı. Buna görə də bir müddət məşqlərə qatıla bilmədim. İndi isə oynamaq üçün hazıram. Özümü həm fiziki, həm də psixoloji olaraq yaxşı hiss edirəm. Gələn oyunda faydalı olacağımı düşünürəm".
Orxan Azərbaycan Basketbol Liqasının növbəti turunda sabiq komandası "Gəncə" ilə görüşə də toxunub: "Komandada hər şey dəyişib. Yeni məşqçilər heyəti, yeni basketbolçular gəliblər. Ötən il orda olmaqdan məmnun idim. Onlara qarşı ilk görüşdə gördük ki, rəqib əsl komanda oyunu sərgiləyir, güclüdür və bir-birilərinə inanırlar. Belə komandanı məğlub etmək üçün əzmkarlıq, yaxşı strategiya, məşqçi işi lazımdır. Onlara qalib gəlməyə çalışacağıq. İlk matç həqiqətən də inanılmaz dərəcədə məyusedici idi. Oyunumuzu itirdik və məğlub olduq. İkinci qarşılaşmada isə məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışacağıq. İnanıram ki, qələbə qazanacağıq".
Qeyd edək ki, VI turun "Gəncə" – "Lənkəran" görüşü sabah saat 14:00-da start götürəcək.