Qış fasiləsində transfer gündəmində olan əsas futbolçulardan biri Ceyms Adeniyidi. Məsələ ondadı ki, "Qəbələ" 29 yaşlı bu nigeriyalı hücumçusunu satmaqda maraqlıdı və bundan əldə edəcəyi məbləğin qarşılığında yeni transfer reallaşdırmaq planını qurub. Adeniyini satmaq ona görə gündəmdədi ki, onun müqaviləsi cari mövsümün sonunda bitəcək və həmin vaxt sərbəst futbolçu olacaq. Ən önəmlisi də Ceymsin məvacibinin yüksək olması klubun hazırkı büdcəsinə böyük sıxıntı yaratmasıdı. Adeniyi ilə söhbətimizdə bu və digər məqamlara toxunduq.

 

- Keçən mövsümü icarədə keçirdiyin İsrailin "Hapoel" (Kiryat-Şmona) klubu səni transfer etmək fikrində olduğu halda, niyə son anda bundan vaz keçdi? Pulu yox idisə, nə üçün səninlə belə ciddi maraqlanırdı?

- Bəli, bu klub mənə təklif göndərmişdi. Amma sonra İsrail bir ölkə olaraq koronavirus pandemiyasına görə qapandı. Bu üzdən ora giriş-çıxış dayandırıldı. Belə olan halda, həmin ölkəyə bütün uçuçlar dayandı, ordakı hava limanları bağlandı. Daha sonra isə "Hapoel"in nümayəndələri yaranmış vəziyyətə görə bizə dedilər ki, buna qarşı bir şey edə bilmirlər, eyni zamanda klubun xərcləri çoxalıb. Buna görə danışıqları dayandırdılar.

 

- Özünə qalsaydı, nəyi seçərdin - "Qəbələ" qalmağı, yoxsa Azərbaycan karyeranı başa vurmağı?

- Hazırda müqaviləylə "Qəbələ"yə məxsus futbolçuyam və aramızda bu mövsümün sonunadək razılaşma var. Buna görə də yeni hər hansı təklif çıxmayınca, bu klubun oyunçusuyam. Gələcəkdə digər bir təklif gələrsə, bu müzakirə ediləndən sonra qərar veriləcək.

 

- Karyeranla bağlı belə qeyri-müəyyənlik konsentrasiyana, motivasiyana nə dərəcədə təsir göstərir? Mövsümün ikinci yarısında hansı klubda olacacağın hələ də dəqiqləşmədiyi halda, necə köklənə bilirsən?

- Belə bir vəziyyət yaranmasın deyə özüm heç bir danışıqlarda iştirak etmirəm. Bu işdə bütün səlahiyyətləri menecerimə, agentlərə həvalə etmişəm. Hansılar ki, hazırda bununla məşğuldurlar. Mən isə sadəcə, hardayamsa, orda işimlə nəşğul oluram. Bu da məşqlər etmək, futbol oynamaqdı. 

 

- "Qəbələ" məhz səni satmaqda maraqlı olaraq bunun qarşılığında yeni transfer planlaşdırır. Yəni, bu prosesin gerçəkləşməsi birbaşa sənin transferindən asılıdı. Bu amil, səni maddi planda saxlaya bilməmək psixoloji planda sənə necə təsir göstərir?

- Büdcənin "Qəbələ"də qalmağıma mane olmasını biləndə, əlbəttə ki, özümü yaxşı hiss eləmədim.

 

- Azərbaycan variantını incələyək. "Keşlə" və "Zirə"nin səninlə maraqlandığını mətbuata açıqlamısan. Ancaq bu klublar sənin transferini nəzərdə tutmayıblar. Buna aydınlıq gətirərdin. Ümumiyyətlə, Azərbaycan klubunun səni müəyyən məbləğin qarşılığında transfer etməsini nə dərəcədə real sayırsan?

- Bu məsələdə ancaq şayiələr eşitmişəm insanlardan. "Zirə" və "Neftçi" azarkeşləri mənə yazırdılar ki, onların komandasına gəlim.

 

- Maraqlıdı, onlara cavabın nə oldu? Liderlər qrupunda qərarlaşan bu klublarda, xüsusilə qış çempionu "Neftçi"də oynamaq istərdin?

- Azarkeşlərə heç bir cavab yazmadım. Çünki onlar klubların rəsmi adamları deyillər. Onlara sadəcə, "ok" yazdım.

 

- Bombardirlik keyfiyyətləri ilə seçilən Ceyms Adeniyi cari mövsümün ilk yarısında cəmi 1 qol vurub. Belə aşağı göstəricini nəylə izah edərdin?

- Həyat eniş və yoxuşlardan ibarətdi. Ona görə bəzən belə də olur. Çox çalışıram ki, yenidən xeyli qol vurum.

 

- Bir illik fasilədən sonra qayıtdığın Azərbaycan Premyer Liqasında əsas hansı dəyişiklik diqqətini çəkib?

- Liqada hazırda rəqabət daha çoxdu.

 

- Bəs, oynadığın ilk illə müqayisədə xeyli dəyişən "Qəbələ" cari mövsümdə nəyə ümid edə bilər?

- "Qəbələ"də talantı, potensialı çox olan gənc futbolçular var. Özü də bu, bütün mövqelərdədi. Onlar çox gözəl çalışırlar. Bu komandanın yaxşı potensialı var.  

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV