Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin oyunlarına start verilib.

Sport24.az xəbər verir ki, ölkə çempionatının 4-cü turunun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

Günün ilk görüşündə “Murov” “Azərreyl”lə üz-üzə gəlib. Matç Vüqar Əliyevin yetirmələrinin üstünlüyü ilə başlayıb. Əsasən gənclərdən qurulan komanda “Azərreyl”ə ciddi müqavimət göstərib. İlk hissəni 27:25 hesabı ilə qalib gələn komanda ardınca 25:27 hesabı ilə uduzub. Üçüncü hissə də “Murov”un xeyrinə başa çatıb – 25:22.  Dördüncü setdə Famil Ağayevin komandası 25:21 hesabı ilə hissələrin fərqini bərabərləşdirib. Lakin onlar tay-brekdə 14:16 hesabı ilə məğlub olublar. 3:2 (27:25, 25:27, 25:22, 21:25, 16:14) hesablı qələbə “Murov”un mövsümdə ilk qalibiyyəti olub.

Ardınca UNEC–lə “Abşeron” gücünü yoxlayıb. Bu qarşılaşma da gözlənilməz nəticə ilə başlayıb. UNEC lideri ilk hissədə 25:23 hesabı ilə məğlub edib. Lakin hesabda geri düşməkdən nəticə çıxaran Eldar Yusubovun komandası ardıcıl 3 hissəni hesabına yazaraq, məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib - 3:1 (23:25, 25:12, 25:18, 25:7).

Beləliklə, 4-cü turdan sonra “Abşeron” 12 xalla turnir cədvəlinin ilk pilləsindəki yerini möhkəmlədib. İkinci yerdə gedən “Azərreyl” liderdən artıq 5 xal geri qalır. “Murov” qələbə sayəsində xal ehtiyatını 3-ə çatdıraraq, 3-cü yerə yüksəlib. Sonuncu yerdə olan UNEC isə 2 xala malikdir.