2021-ci il şahmat aləmi üçün rəngarəng oldu. Dünya Namizədlər Turniri, Dünya Kuboku, Onlayn Şahmat Olimpiadası, Maqnus Karlsenin turnirləri, Qrand Sviss və qarşıdan gələn dünya çempionluğu matçı.
Əlbəttə ki, dünya çempionluğu matçı bu geniş şahmat ziyafətinin ən dadlı təamıdır.

Maqnus Karlsennin rəqibinin Rusiyalı Yan Nepomnyaşşi olması bu matçı daha da maraqlı edəcək.
Niyəsi isə sadədir. Maqnus üçün ən çətin və əlverişsiz rəqib varsa, bu, Yan Nepomniyaşşidir.

Aralarında baş tutan çoxsaylı oyunlarda rusiyalı 4:1 hesabı ilə Maqnusu üstələyir. Hər iki şahmatçı bir-birlərini yaxşı tanıyırlar, güclü və zəif tərəflərinə də bələddirlər.

Nepomniyaşşi  norveçli rəqibindən daha tez dünya çempionu olub. O, vaxtilə 12 yaşlılar arasında dünya çempionatında Maqnusu məğlub edərək planetin ən yaxşısı olmuşdu.


Əlbəttə ki, Maqnus bu məğlubiyyətlərinin revanşını almaq niyyətindədir. Bu matç Maqnus üçün daha böyük və daha vacibdir, hətta deyərdik ki, bir matçdan daha böyük - həyatının matçıdır.

Yan Nepomniyaşşini məğlub etməsi əvvəlki məğlubiyyətlərin üstündən xətt çəkmək və uşaqlıq travmasını məhv etmək anlamına gələcək. Kimlərsə bu fikirlə razılaşmaya bilər, amma subyektiv fikrimdir ki, qarşıdakı matç Maqnus üçün həqiqət anı və ölüm-dirim qarşılaşması olacaq.

Çempionun dahiliyi peşəkarlığına bağlıdır. Daha çox hazırlıq, daha çox praktikaya sahibdir Maqnus. Futbol, basketbol, üzgüçülük, tennis, km-lərlə qaçış, velosiped idmanı...

Maqnus öz fiziki formasına çox diqqət edir. Onun fiziki hazırlığı rəqiblərinindən bir baş üstün olmasının əsas amillərindəndir. Qələbəyə olan aclığı və məqsədyönlüyünü itirməyən Maqnus hər bir turnirdə maksimum güc qoyur.

Bu Maqnusu başqa şahmatçılardan fərqləndirir. O rəqabət aparmağı sevir və bunu yaxşı bacarır.

Maqnusun bu matçda üstünlüyü əlbəttə ki, təcrübəsi olacaq. Bu, Tac uğrunda sayca 5-ci matç olacaq norveçli üçün. Vizavisi isə ilk dəfədir ki, belə bir sınağa çıxacaq.

Karlsen uzun matça hazırdır. Ən çox da 7 saatlıq partiyalara. Bu sahədə Maqnus özünü suda balıq kimi hiss edir.

Yan Nepomnyaşşinin şansları aşağıdırmı? Bəlkə də... Amma rusiyalı Maqnusu məğlub etməyi bacaran, onun zəifliklərini hiss edən şahmatçıdır. Dinamik şahmata üstünlük verən və güclü hesablama qabiliyyətinə malik Yan son dünya çempionu üçün ən ağır rəqibdir.

Bu mənada Nepomnyaşşi psixoloji olaraq özünü rahat hiss edəcək. Çempiondan fərqli olaraq namizədin itirəcəyi bir şey yoxdur.

Hər iki şahmatçının matçda qələbə qazanmaq şansları var. Yan Nepomnyaşşinin qələbə qazanması ilk baxışdan sensasiya ola bilər. Lakin nəzərə almaq lazımdır ki, şahmat tarixində və dünya çempionluğu matçlarında sensasyon qələbələr az olmayıbdır.

Bir çox şahmat həvəskarları, peşəkarları və çoxsaylı bukmeyker kontoraları Maqnusu favorit sayması normaldır. Bu, belə də olmalıdır. Amma qələbələr kağız üzərində deyil, şahmat lövhəsində qazanılır.

 

 

RƏŞAD MƏMMƏDOV