Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib. Sport24.az xəbər verir ki, rusiyalı funksioner belə bir insanın dünyasını dəyişməsini təkcə ölkəmiz deyil, bütün şahmat ailəsi üçün böyük itki adlandırıb.

Dvorkoviç bildirib ki, A.Rəhimov dünyada idmanın, o cümlədən, şahmatın inkişafında böyük rol oynayıb: "Planetin hər bir guşəsindən olan şahmatsevərlərin xatirələrində onun birbaşa iştirakı ilə ən yüksək səviyyədə təşkil olunmuş turnir və forumlar - Ümumdünya Şahmat Olimpiadası, FIDE Konqresi, Dünya Kuboku, İddiaçılar Turniri, Qran-pri mərhələləri, Prezident Şurası və s. qalıb. Fəal işi sayəsində dünyada ilk dəfə Şahmatın İnkişafına dair Dövlət Proqramı qəbul olunaraq, həyata keçirilib. Azad Rəhimovun xatirəsinin yaddaşlarda əbədi qalacaq".

Xatırladaq ki, gənclər və idman naziri aprelin 30-da ABŞ-da dünyasını dəyişib. Mərhum bu gün II Fəxri Xiyabanda dəfn olunub.