Azərbaycan şahmatçısı Aydın Süleymanlı Biel Beynəlxalq Şahmat Festivalının "Masters Triathlon" yarışında ABŞ təmsilçisi Levon Aronyana yaxınlaşıb. Sport24.az xəbər verir ki, qrossmeyster beşinci turda vyetnamlı Le Kuanq Liem üzərində qələbə qazanıb. Bu nəticədən sonra klassik mərhələyə yekun vurulub.
Rapid və klassik yarışların nəticələrinin cəminə əsasən, Levon Aronyan 16,5 xalla turnir cədvəlinə başçılıq edir. Aydın Süleymanlı 16 xalla ikinci pillədə qərarlaşıb.
Le Kuanq Liem 15 xalla üçüncü sıraya enib. Türkiyəli Yağız Kaan Erdoğmuş isə klassik mərhələnin son turunda qazandığı qələbədən sonra 13 xalla dördüncü yerə yüksəlib.
Qeyd edək ki, turnirin rapid və klassik hissəsindən sonra bütün iştirakçıların blits göstəricisi sıfırdır. Yekun sıralamanın müəyyənləşəcəyi blits mərhələsində vəziyyət tamamilə dəyişə bilər.