Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün yalnız bir idmançımız mübarizə aparıb. Sport24.az xəbər verir ki, 63 kq-dək boksçuların 1/8 final mərhələsində Cavid Çələbiyev erməni Hovanes Baçkovla bacarmayıb.


İlk raundda əla döyüş sərgiləyən həmyerlimiz 2-ci və 3-cü raundlarda məğlub oldu. Doğrudu, dəri əlcək ustamızın 2-ci raundu qalib başa vurduğunu iddia etmək olar. Hər halda, Çələbiyevin dəqiq zərbələrinin sayı daha çox görünürdü. Amma açıq qalan bir neçə sual var. Nəyə görə hər ötən dəqiqədən sonra Cavidin döyüş gücü azalırdı? Niyə 3-cü raundda boksçumuzun fizikası tamamilə tükənmişdi? 


Bütün hallarda, daha bir medal ümidimiz puç oldu. Ən acınacaqlısı isə odu ki, Olimpiadada hələ də ölkəmizdə yetişən heç bir idmançımız medal qazana/təmin edə bilməyib.