Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal: mövcud durum və perspektiv üfüqləri” istiqamətində “Azərbaycan futzalı: Kölgəyə çəkilən “kiçik qardaş” adlı layihəsində silsilə yazılarını yekunlaşdırır. Sonuncu yazı Azərbaycanı futzal üzrə UEFA Kubokunda təmsil edəcək Naxçıvanın “Araz” klubunun yeni tarix yazmaq imkanlarının təhlili" mövzusundadı. Baxaq görək ki, 2010 və 2014-cü illərdə UEFA Kubokunun bürünc medalını qazanmış “Araz” 2017/2018 mövsümündə yeni tarix yaza bilərmi?

 

Ermənilər üzərində tarixi zəfər

UEFA kuboku Avropada hər il futzal üzrə ən güclü klubu müəyyənləşdirmək məqsədilə keçirilən turnirdi. O, Avropada mini-futbol üzrə çempionların turnirinin yerinə gələrək, 2001/02 mövsümündən UEFA bayrağı altında keçirilir. Bu, qitə futbol qurumunun keçirdiyi əsas və yeganə turnirdi. Ona görə də bəzən bu turniri futzal üzrə Çempionlar Liqası adlandırırlar. UEFA kubokunun hazırkı qalibi İspaniyanın "İnter Movistar" klubudu. 

Naxçıvan "Araz"ı yarandığı 2004-cü ildən bu yana ölkə çempionatının iştirakçısı olaraq futzalımızda hegemonluğu ələ keçirib. Bunun da nəticəsidir ki, həmin vaxtdan bu yana o, avrokuboklarda yeganə təmsilçimiz olaraq qalır. Ancaq "Araz"adək də UEFA kubokunda çıxış edən komandamız olub. Bu, "Turan AİR"di. Özü də Elman Ələkbərovun baş məşqçisi olduğu bu komanda ölkə futzalının tariixndə ən parlaq, ən tarixi qələbələrdən birinə imza atıb. Bu, UEFA kubokunun qrup mərhələsində Ermənistan "Araks”ını məğlub etməyimizdi. Bu, Ermənistan təmsilçiləri ilə kollektiv idman növlərində ilk görüşümüz və qələbəmiz kimi tarixə düşüb. 2001-ci ilin noyabrın 6-da İtaliyanın paytaxtı Romada keçirilmiş həmin oyun 5:2 hesablı qələbəmizlə nəticələnib. Yeri gəlmişkən, matçda erməniləri iki dəfə meydanın mərkəzinə dəvət edən Rusiya və Avropa futzalının tanınmış simalarından olan, Ələkbərovun dəvəti ilə Moskvadan paytaxtımıza köçən, "Turan AİR”in oynayan məşqçisi Andrey Yudin beş il sonra 2007-ci ildə yığma komandamıza baş məşqçi təyin olunub. "Turan AİR" isə 6 xalla qrupda 2-ci yeri tutub. Qrupun qalibi isə gözlənildiyi kimi, yüzfaizli nəticə göstərərək növbəti mərhələyə yüksələn "Roma" olub. Elman Ələkbərovun komandası qrupda 2-ci olaraq çıxışını dayandırmalı olsa da, ermənilər üzərində parlaq qələbəni nəzərə alsaq, çıxışı uğurlu sayılıb. 

 

2 dəfə Avropa bürüncü

"Araz"ın Avropada debütü isə 2006-cı ildə olub. Onda komandanın baş məşqçisi təcrübəli rusiyalı mütəxəssis, Moskva "Dina"sının sabiq çalışdırıcısı, 1999-cu ildə oyunçu kimi Avropa çempionu olan Arkadi Belıy idi. Naxçıvan təmsilçisi qrupda 3 oyuna 4 xal toplayıb: "Kristan Nuar" - 4:4, "Zrinski" - 2:3, "De Hommel" - 3:0.

Debütdə irəli gedə bilməməsinə baxmayaraq, "Araz"a turnirin əsas mərhələsinin iştirakçısı olmaq, "Dördlər finalı"nın həyəcanını yaşamaq nəsib olub. Özü də bu, 2 dəfə reallaşaraq, 2009/10 və 2013/14 mövsümlərinə təsadüf edib. Hər ikisində təmsilçimiz 3-cü yeri tutaraq bürünc medala sahib çıxıb. İlk uğur qazanılanda "Araz" Avopanın ən güclü futzal klublarından sayılan, UEFA kubokunun vitse-çempionu olan Qazaxıstanın "Kayrat" klubunu elit-raundda məğlub edərək "Dördlər finalı"na çıxıb. Bu oyunlar Portuqaliyanın paytaxtı Lissabonda keçirilib. Naxçıvanlılar yarımfinalda turnirin son qalibi "İnter Movistar"a 2:5 hesabıyla uduzaraq 3-cü yer uğrunda oynamalı olub. Bürünc medal uğrunda qarşılaşmada isə təmsilçimiz İtaliyanın "Luparense" klubunu oyunsonrası penaltilər seriyasında (2:2, 5:3) məğlub edərək nəinki öz, Azərbaycan futzalı tarixində ilk medalı qazanmağı reallaşdırıb.

Bundan 4 il sonrakı "Dördlər finalı"na isə "Araz" ev sahibi kimi qatılırdı. Çünki həmin məsul yarış Bakıda keçirilirdi. Yenə təmsilçimizin qarşısına sonradan turnirin qalibi olan İspaniya klubu çıxır. Budəfəki rəqib daha güclü - Avropa nəhəngi "Barselona" idi.  "Araz" Kataloniya təmsilçisinə minimal fərqlə - 4:5 hesabıyla uduzur. Bürünc medal uğrunda matçda isə rəqib tanış "Kaytar" idi. "Araz" yenə qazaxlardan güclü olur - 6:4. 

Ümumiyyətlə, "Araz"  UEFA kubokunda 49 oyun keçirib. Bunlardan 29-da qalib gələn Naxçıvan klubu 7-də heç-heçə edib, 13-də uduzub. Turnirdə ən böyükhesablı qələbə son turnirə - 2016-cı ilin oktyabrın 14-də təsadüf edib. Skopyedə keçirilən qrup mərhələsində "Jelezarets"i 15:4 hesabıyla məğlub etmək mümkün olub. Ən böyükhesablı məğlubiyyət isə 2012-ci ilin oktyabrın 11-də Laskoda "Barselona"dan 1:7 hesabıyla alınıb. "Araz"ın heyətində turnirdə ən çox oyun keçirən, indi də heyətində olan, kapitan sarğısını daşıyan 38 yaşlı müdafiəçisi Rizvan Fərzəliyevdi. Bombardir isə uzun illər Naxçıvan klubunda çıxış etmiş, hazırda isə Serbiyada legioner həyatı yaşayan Vitali Borisovdu. Bu hücumçunun hesabında 30 qol var.

 

UEFA erməniləri "Araz"la qarşılaşmağa qoymadı

İsveçrənin Nyon şəhərində keçirilən futzal üzrə UEFA kubokunun əsas mərhələsinin püşkatmasında "Araz"ın rəqibləri müəyyənləşib. Təmsilçimizin düşdüyü 8-ci qrupun oyunları oktyabrın 10-dan 15-dək Rumıniyada keçiriləcək. Rəqiblər isə “Mostar” (Bosniya və Herseqovina), "Luksol Sent-Edryus" (Malta) və ev sahibi "Deva"dı. Oyunlar da məhz Rumıniyanın Deva şəhərində keçiriləcək. "Araz" oktyabrın 11-də bosniyalılarla, 12-də maltalılarla qarşılaşacaq. Hər 2 oyun yerli vaxtla 15:30-da (Bakı vaxtilə saat 17:30-da) başlayacaq. "Deva"yla matç isə oktyabrın 14-də yerli vaxtla saat 18:00-da (Bakı vaxtiylə 20:00) olacaq. 

Əslində, çempionumuz F qrupunun qalibiylə düşməli idi ki, bu, Ermənistanın "Leo" klubu olub. Ancaq məlum olduğu kimi, UEFA Azərbaycan və Ermənistan klublarının qarşılaşmalarına icazə vermir. Ona görə də əvvəldən bilinirdi ki, "Leo" F qrupunun qalibi olarsa, bu komanda mübarizəni 8-ci yox, 5-ci qrupda davam etdirəcək. Onun yerinə "Araz"a rəqib isə digər qrupdan Malta klubu olub.   

Üç braziliyalı getdi, üçü gəldi

Mövsümlərarası fasilədə "Araz"da əsas dəyişiklik baş məşqçi postunda olub. Millimizin də çalışdırıcısı olan keçmiş oyunçusu braziliyalı Biro Jade postunu tərk edərək vətəninə qayıdıb. Onu isə həmyerlisi, keçmiş baş məşqçisi Joze Alesiso Da Silva əvəzləyib. Son 3 ildə Qazaxıstanda "Kayrat" klubunda çalışan təcrübəli mütəxəssis yenidən ölkəmizə gələrək "Araz"ın və millimizin "sükanı arxası"na keçib. Joze Alesio Naxçıvan təmsilçisinə Qazaxıstandan tanıdığı həmyerlisi, "Ayar" klubunda Maykon da Silva Qayaveksini gətirib. Markinyoş kimi tanınan futzalçının 22 yaşı var. O, son klubunda keçirdiyi 15 oyunda 9 qol vurub.

Maykonun gəlişiylə "Araz"da braziliyalıların sayı 6-ya çatıb. Buna qədər Eduardo, Tyaqo, Qallo, Vilela və Qabriel naxçıvanlıların şərəfini qoruyurdu. Son 2 oyunçu komandanın yeni braziliyalılarıdı.

 

Joze Alesio ermənilərə meydan oxudu: "Həmişə bu turnirə qatılanda əsas hədəfim "Dördlər finalı"na çıxmaq olub"

 

"Araz"ın UEFA kubokuna hazırlığın gedişi ilə tanış olmaq üçün düşərgəsində olduq. Braziliyalı çalışdırıcı bizimlə söhbətdə hazırlığın yaxşı getdiyini bildirib: "İyulun sonundan birgə çalışırıq. Komandamıza yeni futbolçular da gəlib. Hər şeyə yenidən başlamışıq. Mən özüm 3 ildir burda deyildim. Bu, böyük müddətdi və yenidən "Araz"a qayıdıb işimi davam etdirirəm. Mənə qədər digər baş məşqçilər, digər taktika olub. Bunu isə 2 aya dəyişmək, öz istədiyin taktikanı, komandanı qurmaq asan deyil. Bunu futzalda bütün məşqçilər bilirlər. Bunun üçün ən azı 5-6 ay lazımdır. Ancaq bizim vaxtımız yoxdu, UEFA kubokunda yeni mövsümə az qalıb".

Da Silva sələfi, vaxtilə "Araz"da və millimizdə rəhbərliyi altında oynayan Biro Jadeyə gördüyü işlərə görə minnətdarlıq edib: "Bironu yaxşı tanıyıram, oyunçum olub. İndisə məşqçiliyə başlayıb. Azərbaycan yığmasını Avropa çempionatının final mərhələsinə çıxarıb ki, bu da uğurdu. Ancaq mənim iş üslubum fərqlidi. Mənim üçün ilk növbədə etibarlı müdafiədi. Yaxşı müdafiə olunmağı sevirəm. Bunun üzərində daha çox çalışıram.

Braziliyalı mütəxəssis heyətdəki dəyişikləri dəyərləndirib: "Araz"da işlədiyim futzalçılardan qalan var. Ancaq çoxu komandadan gedib. Həmyerlilərim Vassora, Fineo, Poleto yay fasiləsində "Araz"ı tərk ediblər. Vassora Dubaya, Fineo Yaponiyaya üz tutubsa, Poleto Braziliyaya dönüb. Yeri gəlmişkən, onlar Azərbaycan millisinin də üzvləridi və yenidən çıxış etmələri gələcək karyeralarından asılıdı. Buna futzal federasiyamız da qərar verəcək. "Araz"ın yeni oyunçuları Qabriel, Maykon və Vileladı. Onlardan Maykonu mən dəvət etmişəm. Qazaxlstanda işlədiyim dövrdən tanıyıram, komandama qarşı oynayıb. Özü də çox yaxşı". 

Joze Alesionu əsas qayğılandıran Qallonun itkisidi: "Barmağına infeksiya düşüb. Ciddi problem idi, cərrahiyyə əməliyyatına ehtiyac oldu. UEFA kubokuna qədər bərpa olunmasına vaxt azdı. Buna görə belə bir aparıcı futbolçumuzun xidmətindən məhrum olmuşuq".

Rəqibləri dəyərləndirən Joze Alesio asan qrupa düşmələri fikriylə razılaşmır: "Hamı deyə bilər ki, bizə qrupda asan olacaq. Ancaq bu, heç də belə deyil.  Bosniya futzalı seçmə mərhələ oyunlarından bizə tanışdı. Hesab edirəm ki, hər biri ilə çətin matçlarımız olacaq. Ermənistan klubuyla da oynaya bilərdik. Ancaq UEFA buna icazə vermədiyindən rəqibi dəyişdilər. Nəticədə rəqibimiz Malta təmsilççisi oldu. Onlar da çətin rəqibdi. Bir sözlə, asan qrup deyil. Əslində, Ermənistanın futzal ənənəsi yoxdu. Ancaq onu da bilirəm ki, bu, Azərbaycan üçün prinsipial matç olardı. Ermənilərdən çəkinməyərək onlarla qarşılamağa, qalib gəlməyə hazır idim". 

"Araz"ın baş məşqçisi məqsədlərinin qrup qalibi olmaq olduğunu söyləyib: "Yalnız 1-ci yerlə çıxmaq istəyirik. 2-ci olmaq bizə sərf etmir. Mən həmişə bu turnirə qatılanda əsas hədəfim "Dördlər finalı"na çıxmaq olub. Ancaq yarımfinal iştirakçısı olmaq üçün çox işləməliyik. UEFA futbolda olduğu kimi, futzalda da avrokuboklarda dəyişiklik edib. Mərhələləri dəyişdirərək daha da çətinləşdirib. Daha əvvəlki kimi deyil. Onda bir komanda aşkar favorit idi, 3-4-ü ortabab, qalanları nisbətən zəif idi. Ancaq indi elə deyil, bütün komandalar güclüdü. Üstəlik, Rusiya, Portuqaliya, İtaliyadan 2 komanda qatılır". 

Naxçıvan təmsilçisi 2 dəfə "Dördlər finalçı"sı ola bilib. Maraqlıdı, bu dəfə yeni tarix yazmaq nə dərəcədə realdı? Joze Alesionu dinləyək: "Əlbəttə, həmin vaxt "Araz" güclü idi. Heyətində böyük dəyişiklik baş verib. Ancaq hazırkı "Araz"ın da yaxşı potensialı var və inanıram ki, UEFA kuokunda uğurlu çıxış edə biləcəyik. Bilirsiniz, komandanı gəncləşdirmək də vacibdi. Gənc yerli oyunçularla işləyib onların səviyyəsini qaldırmaq lazımdı. Rizvan Fərzəliyev, Vitali Borisov kimi təcrübəli oyunçular artıq yaşlaşırlar. Onlar bir neçə ildən sonra futzalçı karyeralarını bitirəcəklər və deməli, yerini doldurmaq lazımdır. Bunun üçünsə indidən futzalçılar hazırlaşmağımız gərəkdi. Perspektiv həmişə var. Azərbaycan yığması ötən il dünya çempionatının final mərhələsinin də iştirakçısı olub. Hələ 2010-cu ildə "Araz"la UEFA kubokunda bününc medal qazanandan sonra hamı bizə hörmət edir. Azərbaycan futzal ölkəsi sayılır. Yaxşı perspektiv indi də var. Sadəcə, ciddi hazırlaşmalı, hər bir rəqibə hörmət etmək lazımdı. Təbii ki, ölkə birinciliyinin səviyyəsinin də təsiri var. Çempionatda komanda sayı çoxalmalı, rəqabət artmalıdı. Onda "Araz"ın öz səviyyəsi də qalxar, beynəlxalq miqyasda işimiz çətinləşməz. Budəfəki çempionatın daha maraqlı olacağını gözləyirəm".

 

"Araz"ın yeni məşqçisi: "Komandanın fiziki-funksional hazırlığına xüsusi diqqət yetiririk"

"Araz"a yeni məşqçi də cəlb olunub. Bu, fiziki hazırlıq üzrə təcrübəli çalışdırıcı Namiq Quliyevdi. O, böyük futbolda hakimlərimizin də fiziki hazırlığı üzərində çalışır, xaricdəki təlim-məşq toplanışında iştirak edir. Quliyev bizə futzaldan gələn dəvət haqda söz açdı: "Bu idman növü mənə yaxşı tanışdı, vaxtilə oynamışıq. Joze Alesio Azərbaycana qayıdandan sonra mənə dəvət göndərdi, mənimlə "Araz"da çalışmaq istədiyini bildirdi. Birgə əməkdaşlığın istiqamətlərini müzakirə etdik, müəyyən məsələləri danışdıq. Fikirlərimiz üst-üstə düşdü və işbirliyinə başladıq. Hər bir komandanın, oyunçularının fiziki-funksional hazırlığı vacibdir. Futzalda da bu məsələnin öz spesifik cəhətləri var. İşimizi görərkən buna xüsusi diqqət yetiririk. Yüklənmənin də dərəcəsini nəzərə alırıq. Qarşıda bizi UEFA kubokunda ciddi sınaq gözləyir. Məqsədimiz uğurlu çıxış edərək 1-ci yerlə növbəti mərhələyə vəsiqə qazanmaqdı".

 

"Araz"ın kapitanı: "Komandamız nəyə qadir olduğunu Rumıniyada deyəcək"

"Araz"ın və millimizin əvəzolunmaz kapitanı Rizvan Fərzəliyev də bizimlə fikirlərini bölüşüb. Təcrübəli müdafiəçi hazırkı komandaya da böyük ümidlər bəsləyir: "Bulki "Araz" nəyə qadir olduğunu inşallah, Rumıniyada deyəcək. Bundan sonra ilə bağlı fikirlərimiz çoxdu. Hələliksə qarşıdan ilk sınaq, qrup mərhələsi gəlir, onu düşünürük. Məqsədimiz 1-ci yeri tutmaqdı. Çünki 2-ci yerlə kifayətlənmək bizə sərf etmir. Qrup qalibi olmalıyıq ki, növbəti mərhələyə adlayaq. Joze Alesionu yaxşı tanıyırıq. O, yenidən baş məşqçimiz oldu. Biz ona inarıq. Allahın köməkliyi ilə baş məşqçimizin qrup mərhələsində çox böyük rolu olacaq. Yeni oyunçularımız da var. Üç braziliyalımzı vardı, üçü də gəlib. Bizim komandaya dəvət alıblarsa, səviyyəli oyunçulardı və öz köməklərini göstərərlər. Öz oyunlarını nümayiş etdirib komandada yerlərini tutacaqlarına inanıram. Çalışacağıq ki, nəticəyə oynayaq. Ən azından "Dördlər finalı"na düşək, sonra finala irəliləyək".

Bəli, "Araz" növbəti ciddi sınaq qarşısındadı. Komanda tarixində 3-cü dəfə "Dördlər finalı"na çıxmağı qarşısına məqsəd qoyub. Ola bilər ki, heyət əvvəlki 2 bürünc medal qazanan dövrdə olduğu kimi güclü deyil. Ancaq hər bir idman növündə olduğu kimi, futzalda da baş məşqçi amili vacibdi. Joze Alesio Da Silvanın taktiki hazırlığından, oyunda taktiki gedişlərindən çox şey asılı olacaq. Hesab edirik ki, Naxçıvan təmsilçisi qrupda 1-ci yeri tutaraq növbəti mərhələyə çıxmaqda ciddi problemlə üzləşməməlidir. Hər halda, rəqiblərin münasib olması da belə deməyə əsas verir. 

 

CEYHUN ƏLİYEV

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib