Bu gün güləş üzrə Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.

Sport24.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki yarışın ilk günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq.

Azərbaycan millisinin 4 "klassik"i Paris-2024-ə son lisenziyalar üçün mübarizə aparacaq. Təmsilçilərimiz bunun üçün ilk üç yerdən birini tutmağa çalışacaq.

Yunan-Roma güləşi
60 kq

Murad Məmmədov təsnifat mərhələsində Aleksandrs Yurkyans (Latviya) ilə qarşılaşıb. O, 10:1 hesabı ilə qələbə qazanıb. Yığma üzvü 1/8 finalda Kristofer Kramerlə (Almaniya) münasibətinə aydınlıq gətirəcək.

87 kq
Rafiq Hüseynovun təsnifat mərhələsindəki rəqibi İlyas Paqkalidis (Yunanıstan) olub. Titullu güləşçimiz 3:1 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib. Hüseynov ikinci qarşılaşmasında hindistanlı Kumar Sunillə gücünü yoxlayacaq.

97 kq
Təsnifat mərhələsindən yarışa başlayan Murad Əhmədiyev Riçard Karelsonu (Estoniya) sınağa çəkib. Sonuncu xal prinsipi ilə qələbə qazanan (1:1) Murad 1/8 finalda Yuri Nakazato (Yaponiya) ilə görüşəcək.

130 kq
Sabah Şəriəti təsnifat mərhələsində Nikolaos Ntunyasa (Yunanıstan) qalib gəlib - 8:3. O, 1/8 finalda Roman Kimlə (Qırğızıstan) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan millisi İstanbuldakı turnirədək sərbəst güləşdə 6, yunan-Roma güləşində 2 lisenziya qazanıb. Sabah qadın millimizin 5 güləşçisi xalça üzərinə çıxacaq.