"Şuşa" futzal komandası 2024–2025 mövsümündən etibarən Azərbaycan Futzal Federasiyası rəhbərliyinin göstərişi ilə Yüksək Liqada çıxış etməyə başlayıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, artıq komandada maliyyə böhranı yaşanır.

Yarandığı vaxt klubun çempionatda iştirakı üçün federasiya tərəfindən aylıq müəyyən məbləğdə vəsait ayrılıb.

2025–2026 mövsümündə də federasiya rəhbərliyinin göstərişi ilə "Şuşa"nın Yüksək Liqadakı çıxışına dəstək davam etdirilib.

Lakin ötən ilin dekabr ayından etibarən ayrılan vəsaitlərin verilməsində ciddi gecikmələr yaranıb. Ödənişlərlə bağlı əvvəlcə qısa müddətli vədlər verilsə də, sonradan bu vədlər davamlı şəkildə uzadılıb.

Komanda həm təcrübəli, həm də gənc futzalçılardan formalaşıb. Ayrılan büdcənin məhdud olmasına baxmayaraq, "Şuşa" futzal ictimaiyyəti tərəfindən müsbət imic formalaşdırmağı və rəğbət qazanmağı bacarıb.

Maliyyə öhdəliklərinin yerinə yetirilməməsi isə sonda komandanın etirazına səbəb olub. Belə ki, son turda oyun məkanına gəlsələr də, futzalçılar meydana çıxmaqdan imtina ediblər.

Klub problemin yalnız federasiya tərəfindən vəd olunan maliyyənin son üç ayda ödənilməməsi ilə bağlı olduğunu bildirir.

Məsələ ilə bağlı federasiyanın vitse-prezidenti Elşən Abbasov ilə dəfələrlə əlaqə saxlanılsa da, ödənişlərin nə vaxt ediləcəyi ilə bağlı konkret cavab alınmadığı qeyd olunur.

Vitse-prezident əsasən "Araz-Naxçıvan" Futzal Klubu ilə "Neftçi" İK arasında keçirilən oyuna gəldiyi üçün digər matçlarda onunla görüşmək mümkün olmayıb.

Həm "Araz-Naxçıvan", həm də "Şuşa" federasiya tərəfindən maliyyə dəstəyi alır. Lakin "Araz-Naxçıvan"ın büdcəsi "Şuşa" ilə müqayisədə xeyli yüksək olsa da, həmin komandada maaş gecikmələrinin yaşanmadığı, "Şuşa"da isə az büdcəyə baxmayaraq ödənişlərin həyata keçirilmədiyi vurğulanır.