"Millimiz bu qrupda uğurlu çıxış edə bilmədi. Amma o da nəzərə alınmalıdır ki, millinin heyəti yenidən formalaşır. Baş məşqçi hamıya şans verdi. Elə oyunçu yoxdur ki, ona dəvət göndərməsin". Bu sözləri Sport24.az-a açıqlamasında futzal üzrə millinin sabiq üzvü Namiq Məmmədkərimov deyib.
Veteran futzalçı millimizin qitə birinciliyinin final mərhələsində iştirakını təmin etmiş Xorvatiyaya qarşı 1:4 məğlubiyyətini şərh edib:
"Xorvatiya ilə oyunda təcrübəsizlik və oyun azlığı sözünü dedi. Yığmamıza dəstək olmalıyıq. Gələcəkdə strategiya və yanaşmanı dəyişməliyik. Gözləməli deyilik ki, hansısa yarış olsun, yığışaq. İldə bir neçə yoxlama görüşü keçirməliyik. Ölkə xaricində oyunların sayını çoxaltmalıyıq. Təbii ki, ölkə çempionatını da gücləndirmək lazımdır. Futzalçılar klublarında üzərlərində işləyib artırmalıdırlar. Konkret desək, Xorvatiya ilə oyunda təcrübə və özünəinam yox idi".
Qeyd edək ki, 5-ci qrupda Xorvatiya 18 xalla liderdir. Yunanıstan və İsveç 7 xalla 2-ci və 3-cü yerləri bölüşürlər. Azərbaycan isə 2 xalla sonuncu - 4-cüdür.
Yığmamız bunadək İsveçlə görüşlərdə 1 dəfə uduzub (3:4), 1 dəfə heç-heçə edib (3:3), Yunanıstanla matçlarda da 1 dəfə məğlub olub (2:3), 1 dəfə heç-heçə edib (2:2).