Yüksək Liqada 2021-2022-ci il mövsümünün ilk qolunu vuran EKOL komandasının kapitanı Namiq Məmmədkərimov təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, təcrübəli futzalçı Azərbaycan Futzal Federasiyanının "Facebook" səhifəsində yeni mövsümün başlamasına görə sevindiklərini açıqlayıb: "Oyundan əvvəl şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Ötən ilin bu vaxtlarında ölkə olaraq Vətən müharibəsində hər gün azad edilən torpaqlarımıza görə sevinirdik. Təbii ki, bu qələbə bizi sevindirdiyi qədər şəhidlərimizə görə üzdü. Allah bizə bu sevinci yaşadan, bizi Zəfərə daşıyan və bunun üçün canlarından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa və sağlamlıq versin. Bu Vətən var olduqca onlara minnətdar olacağıq. 

Əlbəttə, çempionatın bərpası bizi sevindirməyə bilməzdi. Dünən sanki futzalsevərlər üçün bayram oldu. Təxminən il yarımdan sonra yenidən rəsmi görüşə çıxdıq. Mövsümün startının bizim iştirakımızla keçirilən oyunda verilməsi ayrı zövq verdi. Oyunun 2-ci dəqiqəsində vurduğum qol isə mövsümün ilk qolu kimi tarixə düşdü. Təbii ki, meydana çıxanda hansısa statistik göstəriciyə deyil, komandamıza qazandıracağımız uğura görə sevinirik"

Natiq ilk turda gözəl və maraqlı qarşılaşmaya görə hər iki komandanı təbrik edib: "Növbəti qarşılaşmalarda daha yaxşı oyun göstərəcəyik. Uzun fasilədən sonra zala geri dönmək, uyğunlaşmaq asan olmur. Düzdür, bu matça qədər 1-2 yoldaşlıq görüşü keçirsək də, onlar rəsmi oyunun yerini vermir. Tədricən oyun təcrübəsini artırdıqca, keyfiyyət də artan xətt üzrə hərəkət edəcək”