Əfsanəvi fransız futbolçu Zinəddin Zidanın soyadı 20 illik fasilədən sonra yenidən dünya çempionatında əks-səda doğuracaq. Sport24.az xəbər verir ki, əfsanənin oğlu, hazırda İspaniyanın "Qranada" klubunun şərəfini qoruyan qapıçı Luka Zidan Əlcəzair millisinin heyətində mundialda debüt edəcək.

28 yaşlı qapıçı atasının Əlcəzair köklərinə əsaslanaraq bu ölkənin millisində çıxış edir. Luka mundialda ilk oyununa Lionel Messinin rəhbərlik etdiyi Argentina yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, Luka Zidan uzun illər Madridin "Real" klubunun akademiyasında yetişib və hətta atasının baş məşqçi olduğu dövrdə əsas komandada da forma geyinib. O, 2025-ci ildə idman vətəndaşlığını dəyişərək Əlcəzair millisində oynamaq hüququ qazanıb.