2025-ci ildə keçiriləcək Qitələrarası Kubokun təqvimi açıqlanıb. Sport24.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 14-də Misirin "Piramids" komandası (CAF Çempionlar Liqasının qalibi) Yeni Zelandiyanın "Ouklend" (OFK Çempionlar Liqasının qalibi) klubu ilə qarşılaşacaq.

 

Qalib sentyabrın 23-də Ciddədə (Səudiyyə Ərəbistanı) "Əl Əhli" (AFC Çempionlar Liqasının qalibi) ilə qarşılaşacaq. Bu görüşdə Afrika-Asiya-Sakit Okean Kuboku da oynanılacaq.

 

Dekabrın 10-da Meksikanın "Kruz Azul" klubu (KONKAKAF Çempionlar Kubokunun qalibi) noyabrın 29-da açıqlanacaq Libertadores Kubokunun qalibi ilə qarşılaşacaq.

 

İkinci və üçüncü oyunun qalibləri dekabrın 13-də finala vəsiqə uğrunda mübarizə aparacaq, dördüncü oyunun qalibi isə PSJ (UEFA Çempionlar Liqasının qalibi) ilə qarşılaşacaq. Final dekabrın 17-nə təyin edilib.

 

Qeyd edək ki, 1960-1979-cu illərdə kubok iki matçda keçirilib, 1960-1968-ci illərdə qələbələrin sayı nəzərə alınıb: hər klub bir dəfə qalib gəlibsə, üçüncü matç keçirilib. Bu sistem Libertadores Kubokunda istifadə olunub. 1969-cu ildən səfərdə və evdə vurulan qolları nəzərə alaraq standart Avropa sistemi tətbiq olunur.

 

1980-ci ildən bəri Tokiodakı Milli Stadionunda cəmi bir oyun keçirilib. 2002-2004-cü illərdə matç Yokohamadakı stadionda - 2002-ci il dünya çempionatının final matçının arenasında oynanılıb. Sonra Qitələrarası Kuboku Klublararası Dünya Çempionatı əvəz etdi və yalnız 20 ildən sonra yenidən bərpa edildi.

 

2024-cü ildə Qətərin "Lusail" stadionunda son 20 ildə ilk kubok oyunu keçirilib və "Real" Meksikanın "Paçuka" klubunu 3:0 hesabı ilə məğlub edib. İndi isə müsabiqə yeni formatda təşkil ediləcək.