Türkiyə milli komandası DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Avstraliya yığması ilə üz-üzə gələcək. Sport24.az xəbər verir ki, "ay-ulduzlular"ın baş məşqçisi Vinçentso Montella oyundan əvvəl keçirilən mətbuat konfransında açıqlamalar verib. italiyalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırırıq:
"Dünya çempionatında qarşılaşacağımız çətinliklərin fərqindəyik. Lakin bunun öhdəsindən gələ biləcəyimizə inanırıq. Turnirin dadını çıxarmaq istəyirik. Ölkəmizi qürurlandırmağı hədəfləyirik. Məsuliyyəti hiss edirik, milyonlarla insanın bizi dəstəklədiyini və böyük gözləntilərin olduğunu da bilirik. Futbolçularımızla danışarkən onlara öz oyunlarını oynamalarını və rahat olmalı olduqlarını söylədim. Bu günə qədər necə etmişiksə, elə də davam etməliyik. Tələsməyəcəyik, səbirli şəkildə öz oyunumuzu ortaya qoyacağıq.
Avstraliya yığmasının nizam-intizamlı və fiziki cəhətdən güclü oyunçulara sahib olduqlarını gördük. Sürət onlar üçün çətinlik yarada bilər. Mən də çətin bir oyun gözləyirəm, eynilə Kosovoda olduğu kimi hər cür ssenariyə hazırıq. Avstraliya ön xətdə sürətli futbolçulara malikdir, müəyyən edilmiş sistemlə oynaya bilirlər, onlara çox imkan vermədən öz oyunumuzu oynamalıyıq. Sabahkı matçda güclü fiziki mübarizə nümayiş etdirməli olacağıq, lakin texniki cəhətdən də oynamalıyıq. Bütün keyfiyyətlərimizi özündə birləşdirən bir oyun nümayiş etdirməliyik.
Hansı taktika ilə oynayacağımızdan asılı olaraq, matçda etməli olduğumuz xüsusi şeylər var. Təbii ki, rəqib komandanın xüsusiyyətlərinə görə hazırlaşmaq lazımdır. Biz də bunun üzərində işləmişik. Hər zaman rəqiblərimizin oyununu diqqətə almışıq. Çox ciddi çalışmışıq, rəqibimizin də ciddi hazırlaşdığını bilirik. Doğru gedişlər etməliyik, bütün futbolçularımız bəzi çətinlikləri aşaraq oynayırlar. Arda, Hakan və Kenanın hazırda 100 dəqiqə meydanda qala biləcəklərini düşünmürəm. Bununla bağlı ağlımda bəzi suallar var.
Qrupumuzda komandalar son dərəcə bərabərsəviyyəlidir, 4 komandanın hər biri qrup mərhələsindən uğurla çıxmağı hədəfləyir. Yaxşı bir iş ortaya qoyacağımıza inanırıq, əlimizdən gələnin ən yaxşısını edəcəyik. Digər oyunlarda da çox vacib xallar qazana bilərsiniz, lakin təbii ki, ilk oyunun həlledici olacağını düşünürəm. Qələbə qazanmaq komandamıza gələcəkdə mühüm üstünlük qazandıracaq. Öz oyunumuza köklənməliyik, rəqibləri düşünmədən addım-addım irəliləməliyik.
Kanadadakı qarşılanmanı gördükdə özümüzü evimizdəki kimi hiss etdik, çoxlu türk azarkeş var idi, yanımızda olduqları üçün onlara çox təşəkkür etmək istəyirəm. Onları hər yerdə görürük, hər nə qədər danışmağa vaxt olmasa da, sevgilərini hiss edirik. Vankuver çox gözəl bir şəhərdir, ilk dəfədir buradayam. Çox gözəl meydança və stadion var. Bütün şərait turnirə yaxşı başlamağımız üçün kifayətdir.
24 ildir Dünya Çempionatında oynamırıq, rəqibimiz isə son 6 turnirdə iştirak edib, təcrübələri var. Lakin bütün heyətləri təcrübəli deyil. Təbii ki, üzərimizdə təzyiq var, amma bunu idarə edə bilərik. Təzyiq altında, böyük oyunlarda oynamış futbolçularımız var. Milli komandada olmaq çox özəldir. Futbolçularıma bunu deyirəm ki, 24 ildir turnirə qatıla bilməmək bizim məsuliyyətimizdən kənar idi, bunu biz etməmişdik, siz 24 ildən sonra buraya vəsiqə qazandığınız üçün bununla fəxr etməlisiniz".