Madrid "Real"ının müdafiəçisi Antonio Rüdiger komandanın son iki mövsümdəki uğursuz nəticələri ilə bağlı səslənən tənqidlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, hazırda Almaniya millisinin düşərgəsində olan təcrübəli futbolçu "The Guardian" nəşrinə açıqlamasında uğursuzluqların futbolda normal hal olduğunu, lakin bunun adətə çevrilməməli olduğunu vurğulayıb:

"İki il ərzində titul qazanmamaq olar,  amma bu, normal hala çevrilməməlidir".

33 yaşlı müdafiəçi "Kral klubu"nda nəticə qazana bilmədiyi dövrlərdə yaranan təzyiqlərdən də söz açıb. O, "Real" kimi nəhəng klubda hər məğlubiyyətin böyük rezonans doğurduğunu və titulsuz keçən mövsümlərin ətrafdakı söz-söhbətləri daha da artırdığını gizlətməyib:

"Qalib gəlməyəndə hər şey barədə çox danışılır. Elə məsələlər var ki, onları açıqlaya bilmərəm. Amma bu futboldur, belə hallar yaşana bilər".

Almaniyalı müdafiəçi komandanın gələcəkdə yenidən zirvəyə qayıtması üçün keçmiş uğursuzluqlara ilişib qalmamağın vacibliyini qeyd edib:

"Düzgün addımlar atmalı, özünüzə qarşı dürüst olmalı və doğru nəticələr çıxarmalısınız. Sonra isə növbəti mövsümə fokuslanmaq lazımdır. Bizdən nə gözləyirlər? Keçmiş mövsümlərə görə ağlamağa davam edək? Xeyr. Düzgün nəticələr çıxarıb yolumuza davam etməliyik. Çünki itirilənləri geri qaytarmaq mümkün deyil".

Qeyd edək ki, Antonio Rüdigerin Madrid təmsilçisi ilə müqaviləsi davam edir və onun yeni mövsümdə də "Real"ın müdafiə xəttində əsas fiqurlardan biri olacağı gözlənilir.