İtaliyanın "Roma" klubu yeni stadion inşa edəcək. Sport24.az xəbər verir ki, uzun illər davam edən bürokratik maneələrdən sonra layihə üçün dövlət və şəhər rəhbərliyindən tam və yekun rəsmi tikinti icazəsi verilib.
Arena şəhərin şima-qərb hissəsindəki Pietralata ərazisində olacaq.
Roma meri Roberto Qualtyerinin açıqladığı rəsmi qrafikə əsasən, stadion layihəsinin təməlqoyma mərasimi və ilk tikinti işləri 2027-ci ilin martında start götürəcək. Tikinti işlərinin təxminən 2 il yarım çəkəcəyi və stadionun 2029-cu ilin sonuna qədər tam hazır olacağı gözlənilir. Yeni arena tam müasir standartlara cavab verməklə 60 605 tamaşaçı tutumuna malik olacaq.
Layihənin ümumi dəyəri təxminən 1,37 milyard avro qiymətləndirilir. Bu stadionun İtaliya və Türkiyənin birgə ev sahibliyi edəcəyi AVRO-2032-nin oyunlarını qəbul etməsi planlaşdırılır.
Stadion sadəcə idman arenası olmayacaq. Layihə çərçivəsində Pietralata rayonunda 12 hektara yaxın geniş yaşıl park zonaları, piyada yolları, restoranlar və "Roma" klubu üçün muzey tikilərək bütün ərazinin infrastrukturu tamamilə yenilənəcək.